Azərbaycan Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova Şahdağda keçirilən Xizək Alpinizmi üzrə Dünya Kubokunun açılış mərasimindən sonra jurnalistlərə açıqlama verib.

Offsideplus.az xəbər verir ki, qurum rəsmisi Qazaxıstan və Qətəri təmsil edən idmançılar ilk dəfə bu turnirdə iştirak etdiklərini bildirib:

“İlk dəfə olaraq Xizək Alpinizmi üzrə Dünya Kubokunun Şahdağda keçirilməsi qürurverici haldır. Yarışda 26 ölkədən 108 atlet mübarizə aparır. Onlardan 36-sı qadın, 72-si isə kişidir. Ümid edirik ki, Azərbaycan Qış İdman Növləri Federasiyası bununla kifayətlənməyəcək və daha bir neçə mötəbər idman yarışlarına ev sahibliyi edəcək. Biz artıq Beynəlxalq Xizək Alpinizmi Federasiyasına xizək alpinizmi üzrə Avropa Çempionatının 2026-cı ildə Azərbaycanda keçirilməsi üçün müraciət etmişik. İnanırıq ki, seçimlərdən uğurla keçəcək və gələn il üçün turnirin hazırlıqlarına start verəcəyik. Həmçinin hədəfimiz 2027-ci ildə Dünya Çempionatına ev sahibliyi etməkdir”.

Qeyd edək ki, Dünya Kuboku 2026-cı ildə keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün təsnifat yarışlarından biri hesab edilir. Gənclər və İdman Nazirliyinin dəstəyi, Beynəlxalq Xizək Alpinizmi Federasiyasının, Azərbaycan Qış İdman Növləri Federasiyasının və Şahdağ Turizm Mərkəzinin təşkilatçılığı ilə bu gün başlayan yarışa yanvarın 13-də yekun vurulacaq.