Qadın voleybolçulardan ibarət “Turan” klubu Çempionlar Liqasındakı ilk ev oyunu çərçivəsində azarkeşləri üçün xüsusi sürpriz hazırlayıb.
Offsideplus.az xəbər verir ki, oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində Xorvatiyanın “Mladost-Zaqreb” komandasına qarşı keçiriləcək qarşılaşmanı azarkeşlər ödənişsiz izləyə biləcəklər.
Qarşılaşma üçün ümumilikdə 1500 ədəd pulsuz bilet nəzərdə tutulub. Voleybolsevərlər oktyabrın 10-dan etibarən biletləri Tovuz Olimpiya İdman Kompleksindən əldə edə bilərlər.
Matça böyük marağın olacağını nəzərə alan klub rəhbərliyi arena tutumundan kənarda qalan azarkeşləri də unutmayıb. Belə ki, oyunu canlı izləmək istəyənlər üçün kompleksin həyətində böyük monitor quraşdırılacaq.
Bununla yanaşı, qarşılaşmadan əvvəl azarkeşlər üçün geniş konsert proqramı da təşkil olunacaq.


