“Peşəkar futbola qayıtmaq istəmirəm”.
Bu sözləri Offsideplus.az-a açıqlamasında bu gün I Liqa klubu "Şəfa"dan ayrılan Azərbaycan milli komandasının sabiq futbolçusu Bəxtiyar Soltanov deyib.
O, “Şəfa” ilə yollarını ayırmasının səbəbini açıqlayıb. Onun sözlərinə görə, təşəbbüs öncə klubdan gəlib: “Hər gün məşqə getmək vaxt baxımından məndə alınmırdı. Ona görə də, qarşılıqlı razılıq əsasında yollarımızı ayırmağa qərar verdik. Heç bir inciklikdən söhbət gedə bilməz. Orada çalışanların çoxu vaxtilə bir yerdə oynadığımız futbolçular olub. Komandaya I Liqada uğurlar arzulayıram. Fikrimcə, “Şəfa” uğurlu çıxışını davam etidirib Premyer Liqaya da vəsiqə qazana bilər”.
36 yaşlı futbolçu gələcək planlarından danışıb: “Bildiyiniz kimi, mən həm də uşaqlarla işləyirəm. Bundan sonra məşqçi kimi fəaliyyətimi davam etdirməyi düşünürəm. Hələlik başqa plan yoxdur. Hazırda istirahətdəyəm. Gələcəkdə təklif olsa, dəyərləndirəcəyəm. Əgər mümkün olarsa, II Liqada oynamaq istəyirəm”.
Qeyd edək ki, Bəxtiyar Soltanovun “Şəfa” ilə başa çatan müqaviləsinin müddəti yenilənməyib. O, "Şəfa"nın heyətində ötən mövsüm II Liqada gümüş medallara yiyələnib.