“Neftçi” İdman Klubunun (İK) nümayəndə heyəti Yohan Kroyff İnstitutunun rəsmi dəvəti ilə İspaniyanın Barselona şəhərinə səfər edib.
Offsideplus.az "Neftçi" İK-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, səfərə İdarə Heyəti sədrinin müşaviri Fərəc Əliyev və Beynəlxalq əlaqələr və kommunikasiyalar departamentinin rəisi Emil Kərimov yollnıblar.
Səfər zamanı klub nümayəndələri institutun təşkil etdiyi Cruyff Networking tədbirində iştirak etməklə yanaşı, baş direktor Albert Romans, Kroyff Futbol Platformasının icraçı direktoru və “Barselona” da daxil olmaqla Avropanın bir sıra aparıcı klublarında çalışmış tanınmış mütəxəssis Albert Kapellas, CF Badalona SAD klubunun sahiblərindən biri və institutun məruzəçi müəllimi Mark Serra və digər rəhbər şəxslərlə ikitərəfli görüşüblər. Onlar mümkün əməkdaşlıq istiqamətləri və qarşılıqlı fəaliyyət imkanlarını müzakirə ediblər.
Səfər çərçivəsində iki qurum arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Sənəd tərəflər arasında beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə və bu istiqamətdə yeni imkanların açılmasına, idmançı, məşqçi və inzibati heyətin peşəkar karyera inkişafının dəstəklənməsinə, idman sahəsində araşdırmalara dair təcrübə mübadiləsinin aparılmasına, birgə idman tədbirləri, seminarlar və konfransların təşkilinə, həmçinin sosial və media sahəsində birgə təşəbbüslərin həyata keçirilməsinə mühüm töhfə verəcək.


