CONCACAF Çempionlar Liqasının ilk 1/4 final qarşılaşmasında uğursuzluq yaşayan "İnter Mayami" klubunun kapitanı Lionel Messi "Los Anceles"lə oyunda təhqir olunub.
Offsideplus.az xəbər verir ki, rəqib komandanın azarkeşləri 37 yaşlı futbolçunu özündən çıxarmaq üçün tribunada banner asıblar. Üzərinə "Pessi" yazılmış bannerdə argentinalı hücumçunu xatırladan kişi şəkli əksini tapıb.
Azarkeşlər "M" hərfini "P"-yə dəyişməklə, "penalti" sözünə işarə vurublar. Onlar Messinin oyun epizodlarında zəif olduğunu, əksər hallarda penaltilər sayəsində fərqləndiyini nəzərə çatdırıblar.
Deyəsən, azarkeşlərin təzyiqi bəhrəsini verib. Messi 90 dəqiqə ərzində "Los Anceles"in qapına yol tapa bilməyib - 0:1. Onun komandası 2025-ci ildə ilk dəfə meydançanı qolsuz tərk edib.
Cavab görüşü aprelin 10-da keçiriləcək.