"Heyətlə bağlı problemlər var. Ülvi Əliyev zədəli olduğuna görə ümumiyyətlə siyahıya adını daxil etmədik. Daha sonra “Baku Fire”in üzvləri - qapıçı Kamran Hacıyev və hücumçu Nihad İsmayılov yüngül zədələrinin və ağrılarının olduğunu bildirdi. Biz də onlara müalicə üçün şərait yaratdıq. Rövşən Hüseynli isə intizam qaydalarını pozduğuna görə düşərgədən kənarlaşdırılıb".
Offsideplus.az xəbər verir ki, bu sözləri Azərbaycan futzal yığmasının baş məşqçisi Vitali Borisov federasiyanın mətbuat xidmətinə açıqlamasında bildirib.
Avropa çempionatının əsas seçmə mərhələsinə hazırlaşan milli komandamız Bakıda təlim-məşq toplanışı keçir. Futzalçılarımızı səfərdə İsveç (11 aprel) və evdə Xorvatiyaya (15 aprel) qarşı oyunlar gözləyir.
“Komanda dünəndən təlim-məşq toplanışına başlayıb. Günü iki məşqlə başa vurduq. Bu gün də eyni qrafiklə - 2 məşqlə davam edəcəyik. Sabah isə Bakıda son məşqimizi keçib gecəyarı səfərə yollanacağıq. Heyətdən çıxarılanların əvəzində “Neftçi”İK-dan qapıçı Vladislav Reznov və “Şuşa”nın təcrübəli hücumçusu Rüstəm Bağırov komandanın düşərgəsindədir. Fiziki yükləmələr fonunda taktiki çalışmalara da yer veririk. Uşaqların əhval-ruhiyyəsi yaxşıdır" , - deyə V.Borisov vurğulayıb.
Çalışdırıcı İsveçlə matç barədə də danışıb: "Seçmə mərhələ çərçivəsində son səfər oyunumuzdur. Qələbə qazanmaq istəyirik. Rəqibin son iki oyununu izləmişik. Bizim üçün zədələrlə paralel oyunun keçiriləcəyi məkanın örtüyünün terafleks olması da çətinlik yaradacaq. Biz adətən parketdə oynayırıq. Terafleksdə oynamaq fərqlidir – top parketdəki kimi sürətli hərəkət etmir. Üstəlik bu örtükdə demək olar, son 8 ildir oynamırlar. Qrupdan çıxmaq şansımız olmasa da, reytinq xallarımızı artırmaq üçün səfərdən mütləq 3 xalla dönmək istəyirik”.
Qeyd edək ki, yığmadan uzaqlaşdırılan Rövşən Hüseynli komandanın əsas üzvlərindən biri və kapitanıdır.