...Hardansa eşitmişdim ki, İtaliyada bazar günləri insanların iki məşğuliyyəti var: kilsədə ayinlərə qulaq asmaq və futbol stadionlarına getmək.

Bəlkə bir az şişirdilmiş ifadədir, bəlkə obrazlı deyilib, ancaq mənası aydındır. Apennin yarımadasında yerli əhali futbolu az qala dini etiqadları qədər müqəddəs sayırlar. Günü kilsə zəngləri ilə başlayıb, stadionda hakimin fit səsi, azarkeşlərin çılğın reaksiyaları ilə bitirirlər. Oyundan sonra ya yürüş edərlər, ya kafe-bara baş çəkərlər, ya da sadəcə, evdə sakit ab-havada ailə ilə vaxt keçirərlər... Həftə bitdi, 7 günün bütün stresi getdi, emosiyalar dolub-daşır, təəssüratlar boldur, növbəti iş həftəsinə başlamaq olar...

Gözlərinizi yumun... Sizi Apennin yarımadasından Abşeron yarımadasına aparıram. Amma "gözlərinizi açın" deməyə risk etmirəm. Futbol stadionlarının vahiməli boş tribunaları qarşısında şoka düşə bilərsiniz...

Məsələn, şəxsən mən dünən son 15 ildə Azərbaycan futbolunu Avropada layiqincə təmsil edən, milli çempionatımızda qırmadığı rekord qalmayan, adı çəkiləndə bağrımızın başı yarılan "Qarabağ" klbununun "Zirə"yə qarşı Tofiq Bəhramov adına Respublika stadionunda keçirdiyi oyunda 31 200 yerlik tirbunlarda 800 nəfəri görəndə dərindən sarsıldım.

Şərtlərə fikir verin: əla yaz havası, şəhərin mərkəzi, oyuna satılan biletlərin münasib qiyməti, Misli Premyer Liqasında 1-ci və 2-ci yerdə komandaların qarşılaşması, bir tərəfdə Azərbaycan futbolunun məşqçi kimi əfsanəsi Qurban Qurbanov, digər tərəfdə güclü futbolçu xarakteri, yaxşı məşqçi bacarığı, xeyirxah addımları, vətənpərvərliyi və s. ilə adı dillər əzbəri olan, uşaq və yeniyetmə futbolçuların kumiri Rəşad Sadıqov... Başqa nə lazımdır? Peşəkar Futbol Liqası Azərbaycanda bugünkü reallıqlarla başqa hansı futbol matçını təşkil etməlidir ki, insanlar stadionlara gəlsinlər? Biz gecə ikən Kilian Mbappeni Madriddən, Xosep Qvardiolanı Mançesterdən oğurlayıb gətirəsi deyilik ki... Bizim hələlik olanımız budur. Bəs insanlar hardadırlar? Niyə istirahət günü stadionlara gəlib, gözəl havada pis-yaxşı oynadığımız futbola baxmaq istəmirlər? Niyə Bakıdakı stadionların oturacaqları öz talelərindən küsüblər?

Bu ki həmin "Qarabağ"dır - yanvarın şaxtasında Rumıniyanın FCSB klubu ilə oyunda elə həmin mərkəzi stadiona 16583 nəfər toplayan "Qarabağ". Bu ki həmin Qurban Qurbanovdur, həmin Zubirdir, həmin Benziadır, həmin Elvin Cəfərquliyevdir. Təkcə Juninyo başını götürüb, Brazilyaya qaçıb. Bəs hanı FCSB ("İnter", "Roma", "Ayaks" yox ha, FCSB) ilə oyuna baxmağa gələnlərin heç olmasa 10 faizi? Bizim çempionatın matçlarına niyə azarkeşlər gəlmirlər?

ƏYLƏNCƏ

Ən başlıca səbəblərdən biri: biz idmanı, xüsusilə futbolu əyləncə vasitəsi kimi qəbul edə bilmirik. Futbola o qədər ciddi yanaşır, o qədər çərçivələrə salırıq ki, futbol az qala boğula. Futbol əyləncəyə çevrilməlidir. Futbol bayrama çevrilməlidir. Bu işi futbol klubları, şirkətlər və digər maraqlı tərəflər birgə təşkil etməlidirlər. Oyunun nəticəsindən asılı olmayaraq, tamaşaçılar stadiondan xoş əhval-ruhiyyədə ayrılmalı, günü yaxşı təəssüratlarla başa vurmalıdırlar. Bayram ancaq Yeni il, Novruz bayramı, Ramazan bayramı, Qurban bayramı deyil. Ailə üzvlərinlə, yaxınlarınla, dostlarınla keçirdiyin hər bir xoş gün bayramdır. Stadionlarda əyləncəli proqramlar, mini-konsertlər, müsabiqələr təşkil olunmalıdır.

XARİCİ TƏCRÜBƏ

Təəssüf ki, bu məsələdə klublarımız xarici təcrübəni öyrənmirlər, ya da öyrənmək istəmirlər. Türkiyədə I Liqanın, Almaniya, İngiltərə, İspaniya, İtaliyada III divizionun oyunlarına Bakıdakından çox adam gəlir. Niyə? Çünki iş prinsipi düzgün qurulub. Futbolu sevənləri də, sevməyənləri də stadiona gəlməyə həvəsləndiriblər. Məgər Türkiyənin "Bandırmaspor" və ya "Tavşanlı Linyitspor" komandaları, yaxud Almaniyanın "Unterhaching" klubu "Qarabağ"dan yaxşı oynayır? Yoxsa onların təmsil etdikləri şəhərlər, qəsəbələr Bakıdan böyükdür? Xeyr! Sadəcə, azarkeşlərlə iş sistemi, marketinq düzgün qurulub. 

REKLAM 

Misli Premyer Liqasında Bakıda oynayan klubların öz qarşılaşmalarını necə reklam etmələrinə fikir vermisiniz? Oyundan 1 gün qabaq və ya oyun günü sosail şəbəkələrdəki səhifələrə "Matchday" yazıb, canlarını qurtarırlar. Gözlə görə biləcəyimiz nə afişa var, nə də banner. Bəs hanı marketinq elementləri? Hanı biznesin müqəddəs "pul qoy, pul götür" prinsipi? Siz nə vaxt oyunlarınızı reklam etdiniz, ajiotaj yaratdınız ki, pul da qazana bilmədiniz? Təsəvvür edin ki, dünən "Qarabağ"ın oyununa 20 min nəfər gəlir, biletlərin orta qiyməti 5 manat. Bu elədi 100 min manat. Hələ klubun forma, atribut satışını, stadionun ərazisindəki ticarət nöqtələrindən gələn qazancı demirəm. Bəli, bu rəqəmləri kağız üzərindən reallığa çevirmək üçün illər lazımdır. Ancaq bu həyatda əziyyətsiz başa gələn nəsə var ki? Doğrudanmı, sizə 31200 yerlik stadionda 800 nəfərin qabağında futbol oynamaq xoşdur? Belə mənzərəyə heç baxmaq xoş deyil, nəinki oynamaq. Daha onda sizin kənd komandasından nə fərqiniz oldu? Məsələn, Bərdənin Dəymədağıldı kəndindəki oyuna da 700-800 nəfər gəlsin, "Qarabağ" - "Zirə" matçına da? 

İNFRASTRUKTUR

Bu infrastruktur ki var, çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki vacib. Bəzi stadionlarımız təzə tikilsə də, arxitektura baxımından sanki Nuh əyyamından qalıb. Azarkeşlər fasilədə içki, hot-doq, nə bilim, simit almaqdan ötrü stadion ərazisinin bir başından o biri başına az qala taksi ilə getməlidirlər. Yaxud ərazini tam tərk etməlidirlər. Sualım bu stadionların layihələrini təsdiq edənlərədir: xaricdə arenalar görməməsiniz? Heç rastınıza çıxmayıb ki, normal stadionlarda azarkeşlər ticarət nöqtəsinə getmək üçün cəmi bir neçə addım qət edirlər? Hər mərtəbədə, hər fürsətdə fast food da almaq olur, içkilər də. Bizim stadionlardakı şəraitə baxın: Tofiq Bəhramov adına Respublika stadionunda, "Liv Bona Dea Arena"da, "Neftçi Arena"da...

Hə, yaxşı yadıma düşdü. "Neftçi Arena"da "Neftçi" - "Araz-Naxçıvan" oyununu izləyirdim. Tribunalar bomboş, minlərlə oturacaq həsrətlə isti yuvaya qovuşacağını gözləyirdi... Hava ideal, ot örtüyü əla, həftənin şənbə günü, gül bülbülü çağırırdı, bülbül gülü... Birdən "Forza Neftçi" tribunası ilə üzbəüz qapının arxasındakı yerlərdən gələn çağırışlar diqqətimi çəkdi. Saydım. "Araz-Naxçıvan"ı 12 nəfər dəstəkləyirdi. "Araz-Naxçıvan" rəhbərliyinin əvəzinə utandım. Naxçıvan futbol ictimaiyyətindən utandım... "Araz-Naxçıvan"ın azarkeşlərlə apardığı "səmərəli" fəaliyyət bəhrəsini verdi. Ən son marketinq prinsipləri ilə həyata keçirilən "əsrarəngiz" işlər nəticəsində hələ də kluba dəstəyini əsirgəməyən həmin 12 nəfərin əllərindən öpmək istədim, "siz şanlı tarixə malik klubun sonuncu mogikanlarısınız" demək keçdi ürəyimdən... O insanları qorumaq lazımdır!

Söhbət ancaq "Qarabağ"dan, "Araz-Naxçıvan"dan getmir. Bakı və paytaxt yaxınlığında məskunlaşan klubların hamısı azarkeşlərlə iş baxımından elə bir-birinin tayıdır. Guya "Zirə"nin oyunlarında stadion "tıklım-tıklım" dolu olur? Yoxsa "Neftçi", "Sabah", "Araz-Naxçıvan", "Səbail"in matçlarında "Meksika dalğası"ndan gözlərimiz bərq vurur? 12 nəfərlə nə "Meksika dalğası"...