AFFA-nın uşaqlar arasında təşkil etdiyi Azərbaycan çempionatlarında neqativ hallar baş verib.
Offsideplus.az xəbər verir ki, ölkə birinciliyinin son turunda təvqim üzrə nəzərdə tutulan 5 görüş keçirilməyib.
U-11 və U-13 Liqalarında meydançaya çıxmaq üçün kifayət qədər futbolçu tapılmayıb. Belə ki, 11 yaşlıların mübarizəsində Ağcabədinin "Olimpiya" komandasının “Ağdam”la səfər matçında yetərsay olmayıb. Eyni gündə - fevralın 16-da Ağcabədinin daha bir təmsilçisi "fərqlənib". Söhbət 13 yaşlılardan ibarət "Hindarx" komandasından gedir. Adıçəkilən kollektiv lazımi sayda futbolçu tapa bilmədiyinə görə “Tərtər”i qəbul edə bilməyib.
U-10 və U-12 Liqasında "Pambıqçı” komandası təyin edilən vaxtda meydançaya çıxmadığından, kollektivə texniki məğlubiyyət verilib. Bu hal cari mövsümdə üçüncü dəfə yaşandığına görə “Pambıqçı” Azərbaycan çempionatından kənarlaşdırılıb.
U13 Qızlar Liqasında Şəkinin “Marxal” komandası Balakəndə "Dinamo" ilə görüşə vaxtında çıxa bilməyib. Şəkililər 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıblar.
Qeyd edək ki, əsasnaməyə görə, U-11 Liqasında oyun vaxtı meydançada 7 futbolçu olur. Matçın protokoluna 20 oyunçunun adını salmaq olar ki, onlardan 13-ü ehtiyatda oturmaq hüququna malikdir. U-13 Liqasında isə uşaqlar yaşca böyük olduqlarından "9+13" sistemi tətbiq edilir.