Azərbaycanda son illər qanunsuz mərc və şans oyunlarının reklamı geniş vüsət almaqdadır.
Belə ki, ölkəmizdə illərdir qeyri-qanuni fəaliyyətlə məşğul olan şəxslər və bilavasitə onlara hamilik edən qruplaşmalar hüquq-mühafizə orqanlarının böyük səyləri nəticəsində ifşa edilir.
Korporasiyalar şəkildə fəaliyyət göstərən qruplaşmalar ölkənin iqtisadiyyatına da ciddi zərər vuraraq milyonlarla vəsaiti qeyri-qanuni yolla ölkədən çıxarırlar.
Bəs, qanunsuz mərc və şans oyunlarının reklamını yayan sosial şəbəkələr və internet resurslarına nəzarət mexanizmlərini gücləndirmək üçün hansı dəyişikliklər edilməlidir?
Niyə bu qədər qanunsuz saytlar reklam olunur?
Mövzu ilə bağlı açıqlama verən Milli Məclisin deputatı Vüqar İskəndərov qanunsuz mərc və şans oyunlarının reklamı ilə bağlı danışarkən deyib:
"Bildiyimiz kimi, ölkəmizdə mərc və şans oyunları rəsmi lisenziya almış şirkətlər tərəfindən həyata keçirilir. Təbii ki, azarkeşlər bu sahədə özlərini sınamaq üçün bu oyunlarda iştirak edirlər. Təəssüflər olsun ki, hər sahədə olduğu kimi, burada da qanuni işin yanında onun əksi olan qanunsuz əməllər də olur. İnsanlar da yalançı reklama uyub, bu sahədə qanunsuz varlanmaq yolunu tuturlar. Müasir dövrümüzdə təbii olaraq yüksək texnologiyalar sahəsində kibercinayətkarlıqlar peydə olub və artıq dövlətlər bu sahədə mübarizə yollarını da kiber üsullarla, müasir texnologiyalarla qarşısını almağa çalışırlar.
Qanunsuz mərc və şans oyunlarının reklamı dayanmadan yayılır. Bu məsələyə nəzarət edilməsi çox çətinləşir. Zaman-zaman parlametdə biz bu məsələ üzərində danışırıq.”
Məsələ ilə bağlı açıqlama verən Fərid Pərdəşünas qanunsuz mərc və şans oyunlarına nəzarət mexanizminin lazım olduğunu bildirib:
"Əslində bu reklam haqqında qanunla tənzimlənir. Bu tipli qanunsuz mərc oyunlarını, saxta qumar saytlarını, "betting”, "gambling” saytlarını reklam etmək qadağandır. Amma təəssüf ki, biz görürük ki, bəzi məşhur şəxslər, idmançılar və ya blogerlər heç tərəddüd etmədən, qanunu bilərəkdən və ya bilməyərəkdən bu tipli platformaları reklam edirlər.
Təbii ki, bu qanunvericilikdə nəzərdə tutulub. Sadəcə nəzarət mexanizmi lazımdır. Bir ara bu şəxslərin cərimələndiyini gördük. Ümumiyyətlə, qanunu pozan şəxslər fəaliyyətlərinə görə dərhal cəzalanmalıdırlar.
Müəyyən müddət ərzində biz görmüşük ki, həmin şəxslər müəyyən məbləğ ödəyərək cəzalandırılıblar. Görünən odur ki, qanunsuz mərc platformaları cərimələri də ödəməyə hazırdırlar. Ona görə də məşhurları belə razı salırlar ki, o cərimə nədirsə ödəməyə hazırıq. Mən düşünürəm ki, bunu inzibati həbslə və ya başqa sərt cəzalarla tənzimləmək lazımdır. Çünki bu şəxslər o cəriməni ödəməkdən əlavə 5,10 qat artıq pul alaraq o platformaları reklam edirlər.
Nəticədə vətəndaşlar bu yola düşərək vəsaitlərini itirirlər. Belə platformalarda qanunsuz oyunlar oynamaqla əldə etdikləri vəsaitləri də riskə atırlar. Çünki bu platformalar da adətən o pulları ödəməkdən qaçırlar".