“Trabzonspor” klubunun keçmiş futbolçusu Volkan Kahraman qətlə yetirilib.
Offsideplus.az xəbər verir ki, o, Avstriyada küçədə başından güllələnib.
Mənbənin məlumatına görə, 43 yaşında dünyasını dəyişən futbolçu tanışı tərəfindən öldürülüb. O, yeməkxanada bir nəfərlə qızğın mübahisə edib. Mübahisədən sonra küçəyə çıxan şəxsin silahını çıxararaq Kahramanı başından vurduğu iddia edilib. Mübahisənin qısqanclıq zəminində baş verdiyi bildirilib.
1990-cı illərin sonlarında Avstriya futbolunun ən böyük istedadlarından biri hesab edilən Volkan Kahraman peşəkar karyerasına “Feyenoord”da başlayıb. Daha sonra Niderlandın birinci liqasında çıxış edən “Excelsior Rotterdam”da 3 mövsüm oynayıb. Avstriya Bundesliqasında “Paşinq” üçün iki uğurlu mövsüm keçirdikdən sonra 2002-ci ildə sözügedən ölkənin milli komandasına çağırılıb. O, Avstriya yığmasında üç oyun keçirib.
Vyanada türk mühacir ailəsində anadan olan keçmiş yarımmüdafiəçi 2000-ci ildə “Trabzonspor”a keçib. Oradan 2001-ci ildə “Ərzurumspor”a icarəyə verilən Kahraman daha sonra 2001-ci ildə yenidən “Paşinq”ə transfer olunub. O, karyerasının son illərini Avstiyanın aşağı liqa komandalarında keçirib.
Volkan Kahraman 2011-ci ildən məşqçiliyə başlayıb. 2015-2018-cı illərdə azərbaycanlıların Avstriyada yaratdıqları və III Liqada çıxış edən “Qarabağ Vyana” komandasında direktor, daha sonra baş məşqçi kimi çalışıb.(fanat.az)