Rusiyanın Ukraynana hərbi hücumunun ardından dünya dövlətləri kimi, idman qurumları da işğalçı ölkəyə qarşı sanksiyalar tərtib etdi.

Offsideplus.az xəbər verir ki, FİFA və UEFA da məsələyə biganə yanaşmadı və Rusiya milli komandaları ilə klublarına qadağalar qoydu.

Qərara əsasən, Rusiya klubları və bütün yaş qrupu üzrə milli komandaları növbəti qərar açıqlanana qədər bütün beynəlxalq yarışlardan kənarlaşdırıldı.

Beləliklə, Rusiya millisi 2022-ci il dünya çempionatının pley-off mərhələsində oynaya bilməyəcək və bununla da Qətərdə təşkil olunacaq mundialı buraxacaq. Komandaya yarımfinalda Polşa ilə matçda texniki məğlubiyyət veriləcək.

Həmçinin, Moskva "Spartak"ı Avropa Liqasının 1/8 final mərhələsində Almaniya "Leyptsiq"i ilə qarşılaşmalarda iştirak etməyəcək. "Leyptsiq" oynamadan 1/4 finala yüksələcək.

Eyni zamanda, iyulun 6-dan 31-dək İngiltərədə keçiriləcək Avropa çempionatında iştirak etməli olan Rusiyanın qadınlardan ibarət millisi turnirdən kənarda qalacaq.

Maraqlıdır, bəs bu günə kimi futbol tarixində buna bənzər hadisə yaşanıbmı? Siyasət, müharibə və digər faciələr səbəbindən milli komanda və klubları beynəlxalq futbol yarışlarından kənarlaşdırılan başqa ölkələr olubmu?

Tanınmış araşdırmaçı - jurnalist Rasim Mövsümzadənin "fanat.az" üçün açıqlamasını təqdim edirik:

İkinci Dünya müharibəsinin (1939-1945) günahkarlarından biri olması səbəbindən milli komandası 1950-ci ilin dünya çempionatına buraxılmayıb, ümumiyyətlə, müharibədən sonra 1950-ci ilin noyabrınadək beynəlxalq oyun keçirə bilməyib.

Yaponiya
İkinci Dünya müharibəsinin (1939-1945) günahkarlarından biri olması səbəbindən milli komandası 1950-ci ilin dünya çempionatına buraxılmayıb, ümumiyyətlə, müharibədən sonra 1951-ci ilədək beynəlxalq oyun keçirə bilməyib.

Cənubi Afrika
Aparteid siyasətinə görə, hətta 1964-1988-ci illərdə Olimpiya Oyunlarına buraxılmayıb, milli futbol komandası da 1956-1991-ci illərdə beynəlxalq oyun keçirməyib və yalnız DÇ-1994-ün seçmə mərhələsindən başlayaraq mundiallarda iştirakına icazə verilib.

İngiltərə
1985-ci ildə Brüsseldə Çempionlar kubokunun finalında ingilis azarkeşlərinin törətdikləri “Heysel stadionu faciəsi” səbəbindən klubları 1985-1990-cı illərdə avrokuboklara buraxılmayıb.

Yuqoslaviya
Ölkənin dağılmasına səbəb olan etnik münaqişələr və müstəqillik müharibələri səbəbindən milli komandası Avro-1992-yə vəsiqə qazansa da, final turnirinə buraxılmayıb, daha sonra isə DÇ-1994 və Avro-1996-dan da kənar qalıb. Klubları da 1992/93, 1993/94 və 1994/95 mövsümlərində avrokuboklara buraxılmayıb.

Rusiya
Ukraynaya təcavüzü ilə əlaqədar həm milli, həm də klub komandaları 2022-ci il fevralın 28-dən qeyri-müəyyən müddətə FIFA və UEFA-nın bütün yarışlarından kənarlaşdırılıb.