"Neftçi"nin sabiq futbolçusu Keysuke Honda Binə qəsəbəsindəki “Ümid yeri” uşaq sığınacağının sakinləri ilə görüş keçirib.
Offsideplus.az xəbər verir ki, görüş “Bella Pizza” və “Neftçi” klubunun təşkilatçılığı ilə baş tutub. 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Bella Pizza” restoranında təşkil olunan görüşdə sığınacağa məskunlaşmış 20-yə yaxın uşaq iştirak edib.
Uşaqların suallarını cavablandıran Honda, onlarla həyat təcrübəsini bölüşüb və şəkillər çəkdirib. O, “Bella Pizza” tərəfindən hədiyyə olunan topları imzalayaraq uşaqlara təqdim edib. Bundan əlavə, futbolçu tərəfindən uşaqlara 10 ədəd masaüstü kompüter hədiyyə olunub. Onların sığınacaqda kompüterdən istifadə etmələri üçün 1 il müddətinə xüsusi müəllim ayrılıb ki, bununla bağlı bütün xərcləri də Honda qarşılayacaq. Futbolçu uşaqların qidalanması üçün ərzaq yardımı da göstərib. Sığınacaq tərəfindən isə uşaqların hazırladığı kiçik xalça yaponiyalı ulduza hədiyyə edilib.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.