AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev "Matç TV"də UEFA Millətlər Liqasında keçirilən Azərbaycan - Lüksemburq (1-2) oyununu oyunu şərh edərkən uğursuz nəticələrə görə AFFA rəhbərliyini tənqid edən Elvin Kərimov haqqında Moskvaya müraciət göndərib.

Offsideplus.az xəbər verir ki, veteran futbolçu müraciət mətnində Elvin Kərimovu yalançılıq, saxtakarlıq və qeyri-peşəkarlıqda ittiham edib:

“Azərbaycan Futbol Veteranları İttifaqı adından Rusiyanın “Matç TV” futbol kanalına qeyri-peşəkarlığı, qərəzli şərhçiliyi, yalançı vətənpərvər, sadəcə, yalançı Elvin Kərimovla bağlı müraciət edirəm. Hansı ki, ekrandan AFFA prezidenti Rövnəq Abdullayev və assosiasiya rəhbərliyinin ünvanına korrektə olunmamış və savadsız tənqidlərlə çıxış etmişdir. Biz tələb edirik: bu insan Azərbaycan komandalarının şərhinə buraxılmasın”.

Elvin Kərimov isə öz “Facebook” hesabında Kazbek Tuayevin tənqidlərinə cavab verməklə yanaşı, Azərbaycan yığmasının Rövnəq Abdullayevin federasiya rəhbəri təyin olunduqdan bəri olan nəticələrindən bəhs edib:

“Kazbek Tuayev mənim "MATÇ TV"də Azərbaycan yığmasının oyunlarının şərhindən uzaqlaşdırılmağımı istəməklə yanaşı, məni yalançı vətənpərvərlikdə günahlandırdı. Çünki Azərbaycan – Lüksemburq matçında federasiya rəhbəri Rövnəq Abdullayevi tənqid etmişəm. Mənə elə gəldi ki, Lüksemburqa ev məğlubiyyətindən sonra ən yaxşı qərar federasiya rəhbərinin gedişi olardı. Növbəti gün isə bu ittihamla üzləşdim”.

Azərbaycanlı şərhçi tənqid etməyinə səbəb kimi hazırki AFFA prezidentinin rəhbərliyi altında 12 ildə üç dəfə dünya çempionatı və eyni sayda Avropa çempionatının seçmə mərhələsindəki uğursuz nəticəni göstərib: “58 rəsmi görüş keçirən yığma 8 oyunda qələbə qazandı (Lixtenşteyn, Qazaxıstan, Türkiyə, Şimali İrlandiya, Malta, San Marino (iki dəfə) və Norveç üzərində), 14 dəfə heç-heçə etdi və rəqiblərinə 36 dəfə məğlub oldu. 12 il ərzində ümumi qol fərqi 44-106-dır. Avro-2020 üçün son seçmə mərhələdə Azərbaycan komandası ümumiyyətlə qalib gəlmədi. Millətlər Liqasında Kosovadan 5 xal geri qaldı. Tuayev emosional çıxışında klubların uğurlarından bəhs edib. Ancaq efirdə klublar barədə də danışdım. Şəxsi düşüncəmə görə, klubların uğuru federasiya rəhbərindən asılı deyil. “Futbola SOCAR və AFFA tərəfindən subsidiya verilir” cümləsini çox bəyəndim. Kazbek Tuayevin fikrinə görə buna görə AFFA-nın işi tənqid edilə bilməz. Bəs AFFA prezidentinin işi niyə tənqid edilməməlidir?”.

Elvin Kərimov fikirlərini Kipr-Azərbaycan matçını şərh edəcəyi barədə qeydlə tamamlayıb: “Mənə ünvanlanan təhqirlər barədə. Mənim anlayışımda yalançı vətənpərvərlik, ölkənizdə mövcud olan problemlərə susmaqdır. Bu vəziyyətdə əfsanəvi futbolçu və məşqçi yalançı bir vətənpərvər kimi davranır. Heyif… Yeri gəlmişkən, bu gün “Futbol 2” kanalında Kipr - Azərbaycan oyununu şərh etməkdən məmnun olacam”.