“Həlledici qarşılaşmada bir qədər uğursuzluq olsa da, həvəsdən düşmək olmaz”.
Offsideplus.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında 80 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycanın yunan-Roma güləşçisi İsfahan Həsənov deyib.
O, Bakıda təşkil olunan U-17 dünya çempionatındakı çıxışını dəyərləndirib: "Finala kimi yaxşı mübarizə aparmışdım, hər şey qaydasında idi. Təəssüf ki, finalda uğursuzluq oldu. Ancaq həvəsdən düşmək olmaz. Bu dünya çempionatına ciddi hazırlaşmışdım, çox əziyyət çəkmişdim. Əgər həminki rəqiblə bir daha qarşılaşmaq imkanım olsaydı, daha güclü mübarizə aparardım. Yenə də Allaha şükürlər olsun ki, medalsız qalmadım. Həvəsdən düşməyəcəm və gələcək yarışlarda əlimdən gələnin ən yaxşısını edəcəyəm. Şəxsi məşqçim Turac Hüseynliyə, Taleh Məmmədova, eləcə də milli komandanın məşqçiləri Rafiq Hüseynova, Kamran Məmmədova və digər mütəxəssislərə təşəkkür edirəm”.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən mundialda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycanı turnirdə 29 idmançı təmsil edir.


