Şimali Makedoniyanın Skopye şəhərində U-20 gənclər arasında Avropa çempionatı davam edir.

Offsideplus.az xəbər verir ki, yarışın dördüncü günündə Azərbaycanın 3 qadın güləşçisi xalça üzərinə çıxıb. Onlardan Ruzanna Məmmədova (62 kq) finala yüksəlib. Zəhra Kərimzadə (72 kq) yarımfinalda məğlub olaraq bürünc medal uğrunda yarışacaq, Esra Məmmədli (53 kq) isə 1/4 finalda məğlub olub.

Günay Qurbanova (59 kq) isə finalda uduzaraq gümüş medalla kifayətlənib. Nəzrin Əhmədli (50 kq) bürünc medal görüşündə, Qaratel Quliyeva (55 kq) isə təsəlliverici matçda məğlubiyyətlə üzləşib.

Hazırda Azərbaycan yığmasının aktivində 6 (1 qızıl, 3 gümüş, 2 bürünc) medal var. Emin Cavadlı (55 kq) çempion olub, Cavidan Nəhmətov (77 kq), Orxan Hacıyev (87 kq) və Günay Qurbanova (59 kq) gümüş, Ayxan Cavadov (60 kq) ilə Elmin Əliyev (82 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, Avropa çempionatı iyulun 12-nə qədər davam edəcək.