Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı keçirilir.
Offsideplus.az xəbər verir ki, turnirin ikinci günündə 5 idmançımız xalça üzərinə çıxıb.
Onlardan 3-ü yarımfinala yüksəlməyi bacarıb. Nicat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) adını son dördə yazdırıb.
Ruslan Nurullayev (72 kq) və Murad Əhmədiyev (97 kq) yarımfinalın bir addımlığında dayanıblar.
Yarımfinala yüksələn güləşçilərimiz bu axşam final üçün xalça üzərinə çıxacaqlar.
Ruslan və Murad isə məğlub olduqları idmançıların finala yüksəlməyini gözləyəcəklər. Həmin idmançılar finala yüksəlsə, onlar bürünc uğrunda mübarizə apara biləcəklər.
Qeyd edək ki, yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:45-dən etibarən başlayır. Qarşılaşmaları İctimai TV vasitəsilə canlı izləyə bilərsiniz.


