Azərbaycanın yunan-Roma güləşi üzrə U-17 millisi Türkiyənin Antalya şəhərində keçiriləcək "Zəfər kuboku" turnirinə hazırlığı davam etdirir.
Offsideplus.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda komandanın açıq məşqi baş tutub. Böyük məşqçi Rafiq Hüseynovun rəhbərliyi altında keçən hazırlıq prosesini federasiya rəsmiləri və idmançıların şəxsi məşqçiləri izləyiblər.
Rafiq Hüseynov hazırlıq barədə bunları deyib:
"Özbəkistanda keçdiyimiz 10 günlük toplanış bizim üçün çox faydalı oldu. Hazırda aşkar etdiyimiz səhvlər üzərində işləyirik və komanda optimal formadadır. Açıq məşq keçirməkdə məqsədimiz şəxsi məşqçilərin öz tələbələrini izləməsinə şərait yaratmaqdır. Klublarda iş yüksək səviyyədə olanda bizim də işimiz yüngülləşir. Federasiya rəhbərliyi tərəfindən hər cür maddi və mənəvi dəstək göstərilir. İnanıram ki, bu yeniyetmələr 2032-ci il Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil edəcəklər".
Qeyd edək ki, "Zəfər kuboku" turniri 12-14 aprel tarixlərində keçiriləcək.


