İngiltərə futbolu gələn mövsüm Avropada görünməmiş bir rekorda imza ata bilər.

Offsideplus.az xəbər verir ki, yeni qaydalar və xüsusi ssenarilər reallaşacağı təqdirdə, Premyer Liqa Çempionlar Liqasına eyni anda 7 klub göndərmək imkanı qazanıb.

UEFA-nın tətbiq etdiyi yeni format və reytinq xalları sayəsində İngiltərənin gələn mövsüm turnirdə ən azı 5 klub ilə təmsil olunacağı gözlənilir. Bu, çempionatda ilk 5 pilləni tutan komandaların birbaşa qitənin ən nüfuzlu klub turnirinə yollanması deməkdir.

Lakin xüsusi şərtlər daxilində bu sayın 7-yə yüksəlməsi mümkündür. Bunun üçün aşağıdakı şərtlərin eyni vaxtda yerinə yetirilməsi lazımdır:

  • "Liverpul" Çempionlar Liqasının qalibi olmalı, lakin Premyer Liqada mövsümü ilk dördlükdə bitirməməlidir.

  • "Aston Villa" və ya "Nottingem Forest" Avropa Liqasının kubokunu başı üzərinə qaldırmalı, eyni zamanda daxili çempionatda ilk 4 pillədən kənarda qalmalıdır.

Qeyd: UEFA-nın reqlamentinə əsasən, Avropa kuboklarının qalibləri öz liqalarında vəsiqə qazana bilməsələr belə, növbəti mövsüm Çempionlar Liqasına birbaşa qatılmaq hüququ əldə edirlər.