Braziliya Futbol Konfederasiyası (CBF) dünya futbolunda böyük rezonans doğuran qərarını rəsmiləşdirməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, "Sambaçılar"ın sükanı arxasında əyləşən italyan mütəxəssis Karlo Ançelotti ilə müqavilənin müddəti 2030-cu il Dünya Çempionatının sonuna qədər uzadılır.
Tərəflər arasında əldə olunan yeni razılaşma "2+2" sistemi (2 il zəmanətli və 2 il opsionlu) ilə həyata keçiriləcək. Bu qərarla Ançelotti nəinki postunu qoruyub, həm də milli komanda səviyyəsində dünyanın ən çox maaş alan məşqçisi statusunu möhkəmləndirib.
Yeni müqavilə şərtlərinə əsasən, Ançelotti mövsümlük 10 milyon avro qazanmağa davam edəcək.
Keçmişdə "Milan", "Çelsi", "Bavariya" və "Real Madrid" kimi nəhəng klublarda qazandığı Çempionlar Liqası kubokları ilə tarixə düşən Ançelotti indi bütün diqqətini Braziliyanın 2030-cu il hədəfinə yönəldib.
İtaliyalı mütəxəssis yeni müqavilə ilə bağlı verdiyi açıqlamada CBF ilə aralarında heç bir problemin olmadığını və hər iki tərəfin bu layihəyə böyük inam bəslədiyini qeyd edib.
Xəbərlərə görə, əgər Braziliya 2026-cı il Dünya Çempionatında qalib gələrsə, Ançelottinin maaşına əlavə olaraq 5 milyon avro bonus da əlavə edilə bilər.


