Bolqarıstanın Samokov şəhərində yeniyetmələrin (U-15) Avropa çempionatına yekun vurulub.
Offsideplus.az xəbər verir ki, böyük məşqçi Namiq Quliyev, həmçinin məşqçilər Elşad Allahverdiyev, Xəqan Süleymanov və Emin Əzizovun rəhbərliyi altında xalçaya çıxan sərbəst güləş üzrə Azərbaycan millisi qitə birinciliyində uğurlu performansı ilə diqqət çəkib.
Aktivinə 2 qızıl, 2 gümüş və 2 bürünc medal yazdıran yığmamız turniri 122 xalla tamamlayıb. Bu göstərici ilə komandamız Rusiya (167) və Gürcüstanın (165) ardından komanda hesabında 3-cü pillədə qərarlaşıb. Medalların keyfiyyətinə (əyarına) görə isə millimiz yalnız Rusiyadan geri qalıb.
Qeyd edək ki, komandamızın heyətində Yusif Abdullayev (38 kq) ilə Elvin Necəfzadə (85 kq) Avropa çempionu olublar. Elman İsmayılov (41 kq) və Adəm Quliyev (52 kq) gümüş, Məhəmməd Kərimov (44 kq) ilə Yusif Hüseynov (62 kq) isə bürünc medala sahib çıxıblar.


