Novak Cokoviç "Rolan Qarros" turnirinin ilk turunda Covanni Mpetşi Perikarı 5:7, 7:5, 6:1, 6:4 hesabı ilə məğlub edərək ikinci raunda yüksəlib.
Offsideplus.az xəbər verir ki, 24 qat "Böyük Dəbilqə" çempionu olan Cokoviç karyerasında 4-cü dəfə bu turnirin qalibi olmaq istəyir. O, buna nail olsa, Marqaret Kortu geridə qoyaraq tennis tarixinə keçəcək.
Çiyin zədəsi səbəbindən torpaq kort mövsümünün böyük hissəsini buraxan 39 yaşlı tennisçi matçdan sonra rəqibinin güclü zərbələrindən söz açıb:
"Psixoloji baxımdan çox çətin oyun oldu. İlk setdə rəqibin güclü və sürətli zərbələrinə qarşı heç nə edə bilmədim. Azarkeşlərin də dəstəyi ilə təzyiq daha da artdı. Amma hər şeyi nəzərə alsaq, gözəl oyun oldu. 39 yaşımda 3 saatlıq belə bir mübarizə tam mənə lazım olan şey idi".


