"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik Premyer Liqanı 3-cü pillədə başa vurmaları barədə danışıb. 

Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" mövsümün son matçında səfərdə "Brayton" üzərində 3:0 hesablı qələbə qazanıb.

Yanvarda Ruben Amorimin səs-küylü gedişindən sonra komandanı qəbul edən və "Old Trafford"da böyük canlanma yaradan sabiq yarımmüdafiəçi ilə ötən cümə günü 2 illik rəsmi müqavilə imzalanıb.

"Mançester Yunayted" Kerrikin rəhbərliyi altında çıxdığı 17 oyunda 12-ci qələbəsini qazanıb. "Brayton" ilə matçda qolları Patrik Dorqu, Brayan Mbemo və kapitan Bruno Fernandeş vurublar. Çempionlar Liqasına vəsiqəni turnirin sonuna 3 tur qalmış təmin edən Kerrik oyundan sonra BBC-yə açıqlamasında bunları deyib:

"Mövsümü güclü yekunlaşdırdıq. Yaxşı seriyamız oldu və 3-cü yeri tutduq. Futbolçuların bu oyuna yanaşmasından çox razı qaldım. Bu nəticə bizə gələn mövsüm daha böyük uğurlar qazanmaq üçün yaxşı bir təməl verir".