ABŞ-nin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə “Wrestling for Peace” (Sülh üçün Güləş) proqramının qurucusu Dan Rassel ilə görüş keçirilib.
Offsideplus.az xəbər verir ki, görüş zamanı güləş vasitəsilə həyata keçirilən qlobal xeyriyyə və sosial dəstək təşəbbüsləri müzakirə olunub. Söhbət əsnasında bu proqramın Azərbaycanda tətbiqi imkanları, eləcə də U-17 Dünya Çempionatı çərçivəsində layihənin tanıdılması perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin, Azərbaycanın güləş sahəsindəki zəngin təcrübəsinin digər ölkələr üçün uğurlu nümunə kimi paylaşılması məsələləri də diqqət mərkəzində olub. Qeyd edilib ki, güləş yalnız idman növü deyil, həm də sosial fayda yaradan, insanları bir araya gətirən və müsbət dəyişikliklərə təkan verən güclü bir vasitədir.
Qeyd edək ki, “Wrestling for Peace” güləş idmanı vasitəsilə dəstəyə ehtiyacı olan sosial qrupların rifahının yaxşılaşdırılmasına töhfə verən qlobal bir platformadır.


