Yunan-Roma güləşi üzrə U-17 Azərbaycan millisi Gürcüstanda təşkil olunan beynəlxalq turnirin qalibi olub.
Offsideplus.az xəbər verir ki, Azərbaycan, Türkiyə, Gürcüstan və Ermənistandan 10 komandanın mübarizə apardığı yarışda böyük məşqçi Rafiq Hüseynov və məşqçi Müşviq Məmmədovun rəhbərlik etdiyi yığma keçirdiyi bütün – 5 görüşdə qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Komandamız ardıcıl olaraq Ermənistanın Gümrü və İrəvan, Gürcüstanın isə Batumi təmsilçilərini, yarımfinalda isə ev sahibi ölkənin yığmasını məğlub edib. Həlledici görüşdə Acarıstan komandası ilə qarşılaşan güləşçilərimiz 5:5 hesablı bərabərliyə baxmayaraq, təmiz qələbələrin sayında üstün olaraq çempionluq kubokuna sahib çıxıblar.
Yarışda ölkəmizi Məhəmməd Mudalı (45 kq), Polad Gülverdiyev (48 kq), Əli Cavadlı, Pünhan Şahmarov (hər ikisi 51 kq), Ömər Salmanov, Hüseyn Mustafazadə (hər ikisi 55 kq), Abdurahman Hüseynli, Qurban Məcnunov (hər ikisi 60 kq), Elmir Çərkəzov (65 kq), Əli Məmmədov (71 kq), İsfahan Həsənov, Zəka Yusubov (hər ikisi 80 kq), Zöhrab Səfərov, Ruslan Nuriyev (hər ikisi 92 kq) və Məhəmməd Orucov (110 kq) təmsil edib.


