Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov yenidənqurmadan sonra ilk rəsmi oyuna ev sahibliyi edən Xankəndi şəhər stadionundakı qarşılaşma ilə bağlı təəssüratlarını bölüşüb.
Offsideplus.az xəbər verir ki, qurum rəhbəri işğaldan azad olunmuş Xankəndidə Azərbaycan çempionatının matçını izləməyin əvəzolunmaz hiss olduğunu bildirib:
"Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman ordumuzun antiterror əməliyyatından sonra azad olunmuş Xankəndidə, yenidən qurulmuş stadionda Azərbaycan çempionatının oyununu izləmək mənim üçün xüsusi hisslər doğurur. Stadionun müasir standartlara uyğunlaşdırılması və yaradılan şərait təqdirəlayiqdir. Bu əməyə görə cənab nazir Fərid Qayıbovun simasında Gənclər və İdman Nazirliyinə təşəkkür düşür".
E.Səmədov arenanın beynəlxalq oyunları qəbul etmək gücündə olduğunu və I Liqadakı rəqabətin artdığını vurğulayıb:
"Son illərdə I Liqanın səviyyəsinin yüksəlməsi göz qabağındadır. Hazırda maraqlı rəqabət var və çempionluq uğrunda bir neçə komanda mübarizə aparır. Ümumilikdə məqsədimiz futbol coğrafiyasının genişlənməsinə şərait yaratmaqdır. Bildiyiniz kimi, bu stadion UEFA-nın III kateqoriyasına aiddir – burada nəinki Premyer Liqa, beynəlxalq oyunları belə keçirmək olar. İnanıram ki, bu arena gələcəkdə də maraqlı qarşılaşmalara ev sahibliyi edəcək və Xankəndidə futbol ənənələrinin bərpasına mühüm töhfə verəcək".
Qeyd edək ki, Xankəndi şəhər stadionundakı ilk rəsmi matçda yerli "Xankəndi" klubu I Liqanın VIII turu çərçivəsində "Karvan-Yevlax"a 0:2 hesabı ilə uduzub.


