"Minnesota Timbervulvz"un müdafiəçisi Entoni Edvards sağ dizindən keçirdiyi artroskopik əməliyyatdan sonra nə vaxt meydana qayıdacağını dəqiq bilmədiyini bildirib. O, bərpa prosesini sürətləndirmək niyyətində olmadığını vurğulayıb.

Offsideplus.az xəbər verir ki, 25 yaşlı basketbolçu jurnalistlərə açıqlamasında bunları deyib: "Qayıtmağı planlaşdırıram, amma vaxtı barədə heç bir təsəvvürüm yoxdur. Dizim hazır olduğunu hiss etdirəndə, mən də hazır olacağam. Hazırda əsas məqsədim ayağıma güc qaytarmaqdır. Fikrimcə, reabilitasiyanın ən çətin hissəsi də budur". Edvards sağalma müddətinin həftələr, yoxsa aylar çəkəcəyini dəqiqləşdirməkdən imtina edib və gözləntiləri artırmaq istəmədiyini bildirib.

Ötən mövsüm Edvards müxtəlif zədələr səbəbindən 21 oyunu buraxıb və karyerasında ilk dəfə olaraq müntəzəm çempionatda 72-dən az matçda iştirak edib. Halbuki 2023-2025-ci illər arasında hər mövsüm 79 oyunda meydana çıxmışdı. Cari mövsümdə zədələnənədək komandasının 4 oyununda iştirak edən Edvards orta hesabla 33,3 xal, 4,8 ribaund, 3,5 assist və 2,0 top oğurlama ilə çıxış edib, ümumi dəqiqliyi isə 48,1 faiz olub. Liderindən məhrum olan "Minnesota Timbervulvz" hazırda Qərb konfransında 11 qələbə, 5 məğlubiyyətlə beşinci pillədə qərarlaşıb.