"Olimpiya Milano" mövsümə uğursuz start versə də, son oyunlarda komanda fərqli oyun nümayiş etdirir.
Offsideplus.az xəbər verir ki, bu barədə komandanın mərkəz oyunçusu Moses Rayt açıqlama verib. O bildirib: "Biz artıq məğlub olmaqdan yorulmuşuq. Mövsümə çox pis başladıq və bilirik ki, bu, bizim kimliyimiz deyil. Hamımız qalib gəlmək istəyirik".
Luka Bankinin qayıdışından sonra "Olimpiya Milano" əvvəlcə "Jalgiris"ə uduzsa da, ardıcıl iki oyunda – "Srvena Zvezda" və "Fənərbaxça"ya qarşı qələbə qazanıb. "Fənərbaxça" ilə görüşdə Moses Rayt 22 xal, 11 ribaund və 36 effektivlik xalı ilə fərqlənib. O, azarkeşlərlə münasibətlərin bərpasının da vacib olduğunu vurğulayıb: "Azarkeşlər hər an bizim yanımızdadır. Mövsümün əvvəlində çətin idi. Ümid edirəm, etimadlarını tədricən yenidən qazanırıq".
Rayt zarafatla əlavə edib: "Anam deyir ki, saçımı kəsəndən bəri daha yaxşı oynayıram".
Oyunçu həmçinin bildirib ki, son dəqiqələrdə Marko Quduriç və Leandro Bolmaroya verdiyi iki assist də önəmli olub. "Oyun öncəsi köməkçi məşqçi ilə zarafatlaşdım ki, ötürmə edə bilirəm, çünki ötən oyunda bir assist vermişdim. O isə dedi: ‘Qoy bu təsadüf olmasın’. Ümid edirəm, artıq təsadüf deyil".


