"Qolden Steyt Uorriors"un baş məşqçisi Stiv Kerr uğursuzluqları qəbul etməyin uğur üçün nə qədər önəmli olduğunu açıqlayıb.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis bu vərdişi qazanmasının uzun zaman aldığını bildirib: "Mənim üçün əsas çətinlik bir neçə uğursuz oyundan sonra həmin vəziyyətdən çıxmaq idi. Fil Cekson bu məsələdə mənə çox kömək etdi – o, komandamızı meditasiya və şüurlu yanaşma praktikaları ilə tanış etdi. Kitablar oxumağa başladım və idmançılar üçün ən sevdiyim kitab hələ də 'The Inner Game of Tennis'dir. Onu mənə dostum hədiyyə etmişdi. Kitab bədən və zehin arasındakı əlaqədən, düşüncələrin mane olmadan bədənin nəyə qadir olduğunu göstərməkdən bəhs edir. Mən daim özümə qarşı çox tələbkar idim və bu baxımdan köməyə ehtiyacım vardı. Nəhayət başa düşdüm ki, uğursuzluqları sadəcə qəbul etmək lazımdır. Bu, prosesin bir hissəsidir. Hər kəs səhv edir – Stefen Karri, Maykl Cordan, hətta tarixdəki ən böyük oyunçular belə uğursuzluq yaşayır. Ən vacibi isə, bu vəziyyətə necə reaksiya verdiyin və növbəti oyuna hansı inamla çıxdığındır. Düşünürəm ki, əsas məsələ basketbolçuların nədən keçdiyini anlamaqdır. Özünə qapanmaq və başqalarının məşqçi kimi sənin haqqında nə düşünəcəyini düşünmək lazım deyil. Anlamaq lazımdır ki, meydançada məhz oyunçular olur, bütün bu təzyiqi onlar hiss edir və mənim vaxtilə yaşadıqlarımı indi onlar yaşayır. Ona görə də, mənim əsas vəzifəm onlara inam aşılamaq, dəstək vermək, ritm tapmalarına və özlərinə yenidən güvənmələrinə kömək etməkdir."


