Bakı Futbol Federasiyasının (BFF) tərəfdaşı “QOLAT Sport Service”in təşəbbüsü, AFFA və BFF-nin dəstəyi ilə Bayıl stadionunda “Vilyarreal CF Camp Baku” layihəsi start götürüb.
Offsideplus.az xəbər verir ki, 7–9 avqust tarixlərində keçirilən layihədə U-8–U-18 yaş kateqoriyalarından 40–45 futbolçunun iştirakı nəzərdə tutulur. Onların arasında “Sabahın Ulduzları” turnirindən seçilmiş 10 istedadlı gənc tam ödənişsiz yer alıb. Təlim-məşq toplanışının sonunda seçiləcək en yaxşı futbolçu “Vilyarreal”ın təşkil edəcəyi beynəlxalq turnirdə iştirak hüququ qazanacaq və onun bütün xərcləri təşkilatçılar tərəfindən ödəniləcək.
Layihə çərçivəsində avqustun 9-da yerli məşqçilər üçün İspaniya futbol sistemi və akademiya metodologiyası mövzusunda ödənişsiz seminar keçiriləcək. Seminarda UEFA Pro lisenziyalı məşqçi Jordi Qratakos da təcrübəsini bölüşəcək.
Qeyd edək ki, “Vilyarreal” nümayəndələri artıq Bakıda BFF-nin prezidenti Tahir Süleymanov, “Qolat”ın rəhbəri Səid Bağırov və “Alpex” şirkətinin prezidenti Sərdar Salmanzadə ilə görüşüb, ardınca seçim məşqlərinə start verilib.


