La Liqanın prezidenti Xavyer Tebas "Real Madrid" azarkeşlərinin "Sivilya" ilə oyunda "Santyaqo Bernabeu" stadionunda açdığı bannerə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, həmin bannerdə "Bu futbol deyil, bu Tebas və Neqreyra" sözləri yazılıb. Banner üzərində La Liqa prezidentinin və Hakimlər Texniki Komitəsinin sabiq vitse-prezidenti Neqreyranın adları qırmızı və mavi hərflərlə qeyd olunub ki, bu da "Barselona"nın rənglərinə işarədir.
Tebas bildirib ki, cəmi iki gün kifayət etdi ki, baş verənlər onun haqlı olduğunu göstərsin. O, 16 oktyabr tarixli paylaşımında "El Debate"dən Tomas Qonsales-Martini "Real Madrid" rəhbərliyinin ruporu adlandırdığını xatırladıb. Həmin gün klubun rəsmi açıqlama yayaraq, jurnalistlərin fikirlərinə görə məsuliyyət daşımadığını bildirib.
Tebas qeyd edib ki, klubdan konkret məsələlər tələb edib: Neqreyra ilə bağlı müqayisəni təkzib etmək, La Liqanın "Real Madrid"ə oyun təqvimi ilə zərər vurması iddialarını rədd etmək, klubun oyun vaxtlarının dəyişdirilməsi üçün etdiyi bütün müraciətləri və onların neçə faizinin qəbul olunduğunu açıqlamaq. Onun sözlərinə görə, bu tələblər hələ də cavabsız qalıb.
18 oktyabrda "Real Madrid TV" yenidən Tebasa qarşı çıxış edib və klubun nəzarətində olan azarkeş tribunasından həmin banner nümayiş etdirilib. Tebas vurğulayıb ki, bu, onun əvvəldən dediyi narrativin davamıdır və konkret şəxslərin hədəfə çevrilməsi ciddi məsuliyyətsizlikdir.
O əlavə edib ki, rəhbərlik yaydığı mesajların nəticələrini anlamalıdır. Tebas həmçinin klubun 17 oktyabrda yaydığı beynəlxalq mətbuatla bağlı açıqlamasına toxunub və bildirib ki, "Real Madrid" öz tələbinin işıqlandırılmasını dəstək kimi təqdim etməklə manipulyasiya edir.
Tebas sonda qeyd edib: "Klub rəhbərliyi manipulyasiya və yalanlara qərq olub, insanları hədəfə çevirir, sonra isə kiminsə bu metodları ifşa etdiyini görəndə özünü qurban kimi göstərir. Onlar mənim istefamı tələb edə bilərlər, amma 16 oktyabrda verdiyim suallar hələ də cavabsızdır və hər gün dediklərim daha da təsdiqlənir".
Qeyd edək ki, "Real Madrid" klubun saytında azarkeşlərin Tebas və Neqreyra ilə bağlı şüarları və banneri barədə məlumat yayıb. Azarkeşlər "Laporta hələ də pul ödəyir" və "Federasiyada korrupsiya" kimi şüarlar səsləndiriblər.


