Cennaro Qattuzo baş məşqçisi olduğu komandanın "Yuventus" üzərində qazandığı 3:0 hesablı səfər qələbəsindən sonra karyerasındakı dəyişikliklər və prinsipləri barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, mütəxəssis ilk dəfə bu stadionda qalib gəldiyini bildirib və uğurun əsas payını futbolçuların üzərinə qoyub:
"Həftə ərzində məşqlərdə çox yaxşı çalışırıq. Klubu da ayrıca qeyd etməliyəm: transferlərə az vəsait ayırsaq da, düzgün oyunçular seçdik. Bu gün meydanda əsas rolu mentalitet və qələbə istəyi oynadı. Bir neçə il əvvəl futbolçuların davranışlarına görə daim əsəbiləşirdim və hətta məşqçiliyi buraxmaq istəyirdim. Sonra üzərimdə işlədim. İndi oyunçuların həyat tərzinə, mobil telefon işlətmələrinə görə daha az əsəbiləşirəm. Amma mütləq əməl olunmalı qaydalar hələ də qalır".
Xaricdəki iş təcrübəsinin ona böyük kömək olduğunu deyən italyan mütəxəssis müasir futbolçuların xarakterinə də toxunub:
"Xaricdə çalışmaq fərqli metodlara alışmağıma kömək etdi. Müasir futbolçular daha çox şey bilir və anlayırlar, amma tez təslim olduqları üçün onlar üzərində daim nəzarət lazımdır. Nunu Tavareş və Zakkanyinin lazımi keyfiyyətləri var, bu tandem çox yaxşı işləyir. Bəlkə də ilk hissədə daha yaxşı oynaya bilərdik. Artıq ikili mübarizələrdən çəkinmirik. Lakin hesabda irəli keçdikdən sonra oyuna tam nəzarət edəcək qədər yetkin deyilik, buna görə də rəqibi irəlidə qarşılamağa davam edirik".


