"Sakramento Kinqs" yeni mövsüm ərəfəsində ciddi itki ilə üzləşib. Komandanın müdafiəçisi Ben Simmons məşq zamanı sağ Axill vətərini tam qoparıb. MRT müayinəsi zədənin ciddiliyini təsdiqləyib və Simmonsun əməliyyata ehtiyacı var. Onun bütün mövsümü buraxacağı gözlənilir.
Offsideplus.az xəbər verir ki, Simmons bu ağır zədədən sonra sosial şəbəkədə motivasiyaedici paylaşım edib: "Mən əvvəllər də məni həm fiziki, həm də psixoloji cəhətdən sınağa çəkən çətinliklərlə üzləşmişəm və hər dəfə çıxış yolu tapmışam. Bu zədə mənim hekayəmin sonu deyil, sadəcə yeni bir fəsildir. Sevdiyim oyundan uzaq qalmaq heç vaxt asan olmur, xüsusilə də bura qayıtmaq üçün çəkdiyim əziyyətdən sonra. Amma bir şeyi öyrənmişəm ki, insanı çətinliklər yox, ona münasibəti müəyyən edir. Dəfələrlə yıxılmışam, amma həmişə ayağa qalxmağı bacarmışam. Bu dəfə də fərqli olmayacaq".
Ben Simmons bu yay "Sakramento Kinqs"lə 1 illik, 3,5 milyon dollar dəyərində müqavilə imzalayıb. O, ötən mövsümü tamamilə bərpa prosesinə həsr etmişdi. 2026-cı ilin NBA hazırlıq oyunlarında Simmons əvvəlki formasını bərpa etdiyini göstərmiş, orta hesabla 10,5 xal, 4 ribaund və 4 assist ilə yadda qalmışdı.
Bu zədə Simmonsun karyerasında növbəti ciddi maneədir. O, 2016-cı ilin NBA dreftində birinci seçilmiş, "Filadelfiya Seventi Siksers"də İlin Ruki oyunçusu və üçqat All-Star olmuşdu. Daha sonra bel problemləri və psixoloji çətinliklər onun "Bruklin Nets" və "Los Anceles Klippers"dəki çıxışına təsir etmişdi.
"Sakramento Kinqs" yeni mövsümə çətin heyətlə başlayır. Komandanın digər oyunçusu Malik Monk topuq zədəsi ilə əziyyət çəkir, fransalı mərkəz Maxime Raynaud və Dylan Cardwell isə noyabra qədər meydana çıxmayacaq. Komanda mövsümün ilk oyununda "Los Anceles Klippers"ə qarşı səfərdə qüvvəsini sınayacaq.


