"Qolden Steyt Uorriors"un lideri Stefen Karri San-Fransiskoda keçirilən açıq məşq zamanı zədə alaraq meydançanı vaxtından əvvəl tərk edib.
Offsideplus.az xəbər verir ki, o, parketdə sürüşdükdən sonra narahatlıq hiss edib və topu yerə vuraraq narazılığını göstərib. Komanda yoldaşları dərhal onun vəziyyətindən narahat olublar.
Klubun bir neçə əməkdaşı, o cümlədən baş məşqçi Stiv Kerr Karri ilə birlikdə paltardəyişmə otağına yollanıblar. Kerr sonradan açıqlamasında bildirib ki, Karri ciddi zədədən yayınıb və yalnız topuğunda yüngül burxulma baş verib. "O, yaxşıdır", – deyə baş məşqçi vurğulayıb.
Qeyd edək ki, ötən mövsüm Karri 43 oyunu, o cümlədən 27 qarşılaşmanı sağ dizindəki ağrılar və şiş səbəbindən buraxmışdı. Klub rəhbərliyi onun məşq və oyun vaxtını məqsədli şəkildə məhdudlaşdırır. Bu ilin yazında Karri 39 yaşını qeyd edəcək. "Qolden Steyt Uorriors" mövsümə 22 oktyabrda "Los Anceles Leykers"ə qarşı oyunla başlayacaq.


