İspaniya Futbol Federasiyası FİFA-nın tətbiq etdiyi cəzanı İdman Arbitraj Məhkəməsinə (CAS) qədər aparacaq.

Offsideplus.az xəbər verir ki, bu qərar mart ayında Misirə qarşı keçirilən yoldaşlıq oyununda (0:0) azarkeşlərin islamofob şüarlar səsləndirməsi ilə bağlı FİFA-nın sanksiyasından sonra verilib. Həmin qarşılaşmada azarkeşlər "Kim tullanmasa, müsəlmandır" şüarını səsləndirib. "Barselona"nın cinah oyunçusu Lamin Yamal bu şüarları pisləyərək onların hörmətsiz və yolverilməz olduğunu bildirib.

FİFA federasiyanı 20 min dollar məbləğində cərimələyib və İspaniyanın növbəti ev yoldaşlıq oyununda stadionun ən azı 15 faizinin bağlanmasını tələb edib. Federasiya isə "müsəlman" sözünün təhqiramiz və ya alçaldıcı olmadığını, hadisədən dərhal sonra tədbir gördüyünü və bu tədbirlərin oxşar insidentlərin təkrarlanmasının qarşısını aldığını bilirib. Federasiya cəzanı həddindən artıq sərt hesab edir və qərarı CAS-da mübahisələndirmək niyyətindədir.