"Bavariya Münhen"in baş məşqçisi Vensan Kompani komandanın yeni vingeri Maykl Olise ilə bağlı fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Kompani Olisenin təkcə istedadı ilə deyil, həm də detallara diqqət yetirmə bacarığı və düzgün düşüncə tərzi ilə seçildiyini bildirib. O qeyd edib ki, Olise meydanda və məşqlərdə başqalarının görmədiyi məqamları fərq edir və bu xüsusiyyət onu artıq dünya səviyyəli futbolçuya çevirib.

"Belə istedada malik futbolçu həmişə uğur qazanacaq və ən yaxşılar arasında olacaq. Əsas məsələ yalnız istedad deyil, həm də oyunçunun düşüncə tərzi və detalları görmək bacarığıdır. Biz məşqçi olaraq futbolçunu ulduza çevirə bilmərik, çünki bu potensial onun özündə olmalıdır", – deyə Kompani vurğulayıb.

Baş məşqçi əlavə edib ki, Olise son illərdə böyük irəliləyişə nail olub və əsas olan budur ki, belə oyunçular daim uğura can atsınlar, hətta onları hər zaman tərifləmədikdə belə.