Hövsan Yarış Kompleksində KİV nümayəndələri üçün tanışlıq məqsədli media turu təşkil olunub. 30-dan çox jurnalistin iştirak etdiyi tədbirdə kompleksin infrastrukturu, tikinti prosesi və layihənin məqsədləri barədə ətraflı məlumat verilib.

Offsideplus.az xəbər verir ki, AFFA-nın baş katibi Cahangir Fərəcullayevin müşaviri Ramazan Səmədov media nümayəndələrini kompleks ərazisində müşayiət edərək yaradılan futbol meydançaları ilə onları yaxından tanış edib. Turun yekununda keçirilən brifinqdə jurnalistlərin sualları cavablandırılıb.

Hazırda kompleksdə ilk dəfə təşkil olunacaq FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlıq işləri davam edir. FIFA standartlarına uyğun qurulan idman qurğusunda turnir çərçivəsində oyunların keçirilməsi üçün 10 müasir futbol meydançası inşa olunub.

Turnir çərçivəsində 190-a yaxın ölkədən FIFA rəsmilərinin, eləcə də 4 minə yaxın gənc futbolçu və məşqçi heyətinin ölkəmizə səfəri gözlənilir.

Qeyd edək ki, mötəbər yarışdan sonra kompleks uşaq və yeniyetmə futbolunun inkişafına xidmət edəcək, müxtəlif yaş qrupları üzrə milli komandaların və futbol akademiyalarının istifadəsinə veriləcək.