Fransanın "Monako" klubu 33 yaşlı yarımmüdafiəçi Pol Poqba ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Offsideplus.az xəbər verir ki, Poqba ötən yay dopinq cəzası başa çatdıqdan sonra "Monako"ya azad agent kimi qoşulmuşdu. Zədələr səbəbindən o, komandanın heyətində cəmi 6 oyunda iştirak edib və ümumilikdə 115 dəqiqə meydanda olub.
Avqustun əvvəlində Poqba "Monako"nun toplanışında yenidən zədələnib. Klubun yaydığı açıqlamada qeyd olunub ki, tərəflər yeni mövsümün ilk rəsmi oyunundan əvvəl müqaviləni vaxtından əvvəl ləğv etmək qərarına gəliblər. Müqavilə 2027-ci ilin iyununa qədər nəzərdə tutulmuşdu.
"Monako" 2018-ci ilin dünya çempionuna göstərdiyi peşəkarlığa və komandaya verdiyi töhfəyə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.


