"Hapoel"in (Beer-Şeva) baş məşqçisi Ran Kojok UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Sabah"a qarşı keçirəcəkləri ilk matçdan öncə mətbuat konfransında fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, israilli mütəxəssis qarşılaşmanın əhəmiyyətini xüsusi vurğulayaraq komandasının cavab görüşü öncəsi üstünlük qazanmaq istədiyini bildirib.

Ran Kojok "Sabah"ı yüksək qiymətləndirib və matça tam kökləndiklərini qeyd edib:

"Həyəcan dolu bir andır. Məşqçilik karyeramın indiyəqədərki en vacib oyunlarından birinə çıxırıq. Tam diqqətli olmalı, yüksək səviyyəli futbol sərgiləməli və cavab matçına üstünlüklə yollanmalıyıq. Qarşımızda çox güclü rəqib var".

43 yaşlı çalışdırıcı Azərbaycan təmsilçisinin üstün cəhətlərindən də söz açıb:

"Rəqib hər cür ssenariyə hazır olan kollektivdir. Onlar yüksək keyfiyyətə və sürətə malikdirlər, dəqiq ötürmələrlə və standart vəziyyətlərdə rəqibi cəzalandırmağı çox yaxşı bacarırlar. Taktiki cəhətdən mükəmməl hazırlıqlı komanda ilə qarşılaşacağıq".

O, son olaraq öz yetirmələrinə inamının tam olduğunu vurğulayıb:

"Oyunçularımız çox vaxt haqq etdikləri dəyəri görmürlər. Ümid edirəm ki, qarşıdakı iki matçda necə güclü komanda olduqlarını və böyük hörmətə layiq görüldüklərini hər kəsə sübut edəcəklər".