Almaniya millisinin və "Bavariya Münhen"in yarımmüdafiəçisi Camal Musiala son oyunlarda yaşadığı səhhət problemləri ilə bağlı açıqlama verib.

Offsideplus.az xəbər verir ki, Musiala ardıcıl iki yoxlama görüşündə, o cümlədən "Haydenhaym" və 15 avqustda "Leypsiq"lə matçda özünü pis hiss edib. O bildirib ki, bu hal nevroloji disfunksiya ilə əlaqədardır, lakin asanlıqla müalicə olunur.

"Əvvəlcə bildirmək istəyirəm ki, hər şey qaydasındadır! Mesajlarınız və dəstəyiniz üçün çox minnətdaram. Bir çoxunuzun narahat olduğunu başa düşürəm. Bu gün sizi sakitləşdirmək və vəziyyəti izah etmək istəyirəm. Məndə qısa müddətli, lakin asanlıqla müalicə olunan absanslar aşkarlanıb. Bu, "Leypsiq" və ya "Haydenhaym"la oyunda baş verən hallara səbəb ola bilər. İlk baxışda qorxulu görünsə də, hazırda bu, gündəlik həyatımın bir hissəsidir. Əla tibbi dəstək alıram və çox nikbinəm. "Bavariya Münhen" və ətrafımdakı insanlar bu yolda mənə dəstək olurlar. Əlavə risk yoxdur. Mütəxəssislərlə sıx əməkdaşlıq edərək, nevroloqların icazəsi ilə futbol oynamağa və gündəlik həyatımı davam etdirməyə qərar vermişəm. Buna görə məsuliyyəti üzərimə götürürəm. Ümumilikdə özümü yaxşı hiss edirəm və düzgün yoldayam. Mənə ən çox kömək edəcək şey, komanda ilə birlikdə qələbələr və titullar qazanmaqdır. Ümid edirəm ki, bu açıqlama məni daha yaxşı başa düşməyinizə kömək edəcək. Eyni zamanda, bu mövzunu yalnız yaxın çevrəmdə, klub və mütəxəssislərlə saxlamaq istərdim. Çox sağ olun", – deyə Musiala bildirib.