"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin "Hapoel" (Beer-Şeva) klubu ilə keçiriləcək ilk matçdan öncə təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Offsideplus.az xəbər verir ki, litvalı mütəxəssis tarixi qarşılaşma ərəfəsində fikirlərini bölüşərək komandasının bu mərhələyə təsadüfən gəlmədiyini vurğulayıb.
Dambrauskas pley-off həyəcanını və rəqiblə oxşar cəhətlərini xüsusi qeyd edib:
"Çempionlar Liqasının pley-off mərhələsi hər zaman fərqli bir atmosfer və həyəcan deməkdir. Klubumuz üçün isə bu arenada çıxış etmək bir ilkdir. Bizi qabaqda çox maraqlı mübarizə gözləyir. Fürsətdən istifadə edib rəqibimiz 'Hapoel'i də buraya qədər gəlib çıxdığı üçün təbrik edirəm. İki həftədən sonra komandalardan biri adını tarixə yazaraq Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanacaq. Biz bu turnirə başlayanda heç vaxt favorit göstərilməmişik, həmişə autsayder hesab olunmuşuq. Eyni sözləri rəqibimiz haqqında da demək olar. Lakin ortaya qoyduğumuz əmək, keyfiyyət və futbolçularımızın mübarizəsi ilə bu səviyyədə olmağa tam layiq idik".
Rəqibin oyun üslubuna toxunan mütəxəssis hər iki tərəfin oxşar fəlsəfəyə sahib olduğunu bildirib:
"Meydanda bir-birinə çox bənzəyən iki kollektiv qarşılaşacaq. Həm biz, həm də rəqib hücum futbolunu, fəal pressinqi və oyuna diktə etməyi sevir. Bizi nəyin gözlədiyini sabah görəcəyik. Bakıdan bura tam heyətlə gəlmişik, zədəli oyunçumuz yoxdur və komanda matça 100 faiz hazırdır".
Qeyd edək ki, Rumıniyanın Buxarest şəhərində təşkil olunacaq "Hapoel" – "Sabah" görüşü bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.


