Bakıda keçirilən cüdo üzrə dünya çempionatı davam edir.
Offsideplus.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan mundialın üçüncü günündə 73 kq çəki dərəcəsində mübarizə aparan Rəşid Məmmədəliyev uğurlu çıxışla yadda qalıb.
Yarışa 1/16 finaldan başlayan cüdoçumuz sırasıyla Castin Lemirə (Kanada) və İtan Nernə (Böyük Britaniya) qalib gələrək 1/4 finala yüksəlib. Bu mərhələdə Dayan Bulemtafesə məğlub olan təmsilçimiz mübarizəni təsəlliverici görüşlərdə davam etdirib.
Təsəlliverici qarşılaşmada Leonardo Valerianiyə üstün gələn R.Məmmədəliyev bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.
Həlledici qarşılaşmada Braziliya idmançısı, Yay Olimpiya Oyunlarının və dünya çempionatının üçüncüsü Daniel Karnini məğlub edən cüdoçumuz dünya çempionatının bürünc medalına sahib çıxıb.


