Fransa millisinin və "Olimpiakos"un təcrübəli basketbolçusu Evan Furnye yığmadakı gələcəyi ilə bağlı maraqlı açıqlama verib. Son mövsümdə "Olimpiakos"un heyətində EuroLeague çempionu və Final Four-un ən dəyərli oyunçusu seçilən Furnye, iki illik fasilədən sonra yenidən Fransa yığmasına qayıdıb.
Offsideplus.az xəbər verir ki, Furnye Fransa Basketbol Federasiyasına verdiyi müsahibədə karyerasını millidə bitirməyi düşündüyünü gizlətməyib: "Bu barədə düşündüm. Aklımdan keçdi. Amma hələ də basketbolu sevirəm, ona görə də qərarımı tez verdim. Təəssüf ki, ötən yay Fransa yığmasına qoşula bilmədim, çünki topuq zədəm var idi".
Altı medal qazanan təcrübəli oyunçu, qızıl medal üçün motivasiyasının əvvəlki kimi olmadığını bildirib: "Keçən yay yığmaya yox demək mənim üçün çox çətin idi. Özümüzü aldatmayaq, EuroBasket-də qızıl medal qazanmaq şansı Dünya Kuboku və ya Olimpiya Oyunlarından daha yüksəkdir. Bu, bir növ fədakarlıq idi, çünki bilmirəm, bir də EuroBasket-də oynaya biləcəyəm, ya yox. Əlbəttə, qələbə qazanmaq istəyirəm, amma əvvəlki kimi qızıl medal üçün can atmıram. Son anlarımı bu formada yaşamaq və gənc oyunçulara kömək etmək istəyirəm".
Furnye yığmada veteran kimi üzərinə düşən məsuliyyətdən də danışıb: "Bütün köhnə dostlarım artıq yığmadan gedib. Yalnız Rudi Qober və mən qalmışıq. Bizim də üzərimizə böyük rol düşür. Biz yığmaya qoşulanda veteranlar – Boris Diaw, Mikael Gelabale, Florent Pietrus – bizim inkişafımızda böyük rol oynamışdı. İndi isə bu vəzifə bizə keçib. Bu, o demək deyil ki, qələbə üçün mübarizə aparmayacağıq, sadəcə, məsuliyyətimiz əvvəlkindən daha çoxdur".
Təcrübəli basketbolçu həmçinin bildirib ki, yığmada yer almaq üçün daim yüksək səviyyədə çıxış etməyin vacibliyini qəbul edir: "Həmişə düşünmüşəm ki, Fransa yığmasına düşmək üçün özünü göstərmək lazımdır. Xüsusi münasibətlərin tərəfdarı deyiləm. Yalnız ona görə ki, on ildən çoxdur buradayam, heyətdə olmalı deyiləm. Yerini qazanmalısan. Mən də bunu əsas prinsip kimi qəbul edirəm".


