"Məqsədimiz yenidən A Liqasına qayıtmaqdır".

Bu sözləri Offsideplus.az-a açıqlamasında 19 yaşadək qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Vüqar Əsgərli Avropa çempionatının ilkin mərhələsinin püşkatması barədə danışarkən deyib.

O, ilk olaraq qrupda yer alan komandalar barədə danışıb.

"Turnir ilk dəfə olaraq Millətlər Liqası formatında təşkil olunacaq. Rəqiblərimiz isə Xorvatiya, Monteneqro və Kipr yığmalarıdır. Oyunlarımızı 4-10 oktyabr tarixinlərində keçirəcəyik. Xorvatiya və Monteneqro ciddi rəqiblərdir. Onlara qarşı matçlarımız asan keçməyəcək. Ən yaxşısını etməyə çalışacağıq".

Vüqar bəy komandanın hazırkı hazırlığı barədə də danışıb:

"Aşağı yaş qrupları yığmalarında hər zaman yenilənmə gedir. Buna görə stabil oynamaq çətin olur. Amma çalışırıq ki, balansı normal saxlayaq. Həm də əlimizdə çoxlu qız futbolçular da yoxdur. Bəlkə də qadın futbolu üçün ən pis haldır".

Mütəxəssis komandadakı ab-havanın normal olduğunu deyib:

"Komandadakı ab-havanı qənaətbəxş saymaq olar. Hazırda bütün kollektivin əsas məqsədi qələbədir. İnanıram ki, bunu bacaracağıq".

CAVİD ƏLİYEV