UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Legiya" 3:2 hesabı ilə "Budyo Qlimt" komandasına qalib gəldi.
Offsideplus.az xəbər verir ki, qarşılaşmada dubl edən Mahir Emreli Polşada “Super Express” nəşrinə geniş müsahibə verib. 24 yaşlı hücumçu Norveç təmsilçisi ilə cavab oyununun atmosferinin tamamilə fərqli olacağını açıqlayıb.
Müsahibənin geri qalanını təqdim edirik:
- Varşavaya gəldiyin zaman hava limanında sürprizlə qarşılaşdın. Azərbaycanlı azarkeşlərin səni qarşılamasına təəccüblənmədin?
- Məni öz ölkəmdə tanıyırlar, amma Polşadakı soydaşlarımızı gözləmirdim. Məni belə qarşılamalarından çox məmnun oldum. Bu onları məyus etməmək üçün mənə əlavə motivasiya oldu. Gözəl qarşılanmaya görə onlara təşəkkür edirəm. Sosial mediada da pərəstişkarlarımdan müsbət rəylər alıram.
- “Qarabağ”dan ayrılıb “Legiya”ya keçməyinə nə səbəb oldu?
- “Qarabağ”la “Legiya” liqalarındakı ən yaxşı klublardı. Həmişə ən yüksək hədəflər uğrunda mübarizə aparan komandada oynamaq istəyirəm. Altı ili “Qarabağ”da keçirdim, Çempionlar Liqası və Avropa Liqasının qrupunda oynadım. Özümü Azərbaycandan kənarda sınamağın vaxtının gəldiyini düşündüm. “Legiya” mənimlə həqiqətən maraqlandığını göstərdi. Bu da seçimimdə vacib rol oynadı. Burda məni istədiklərini hiss etdim.
- Başqa hardan təklif aldın?
- Azad agent olduğuma görə təklif çox idi. Belçika, Portuqaliya, Danimarka, Serbiya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və Rusiyadan təkliflər almışdım. “Legiya” Polşanın zəngin tarixə malik ən yaxşı klubudu. İnternetdə azarkeşlərinin komandanı necə dəstəklədiyini izlədim. Məndə çox xoş təəssürat yaratdı. Varşavadayam və bunun mənim üçün yaxşı addım olduğunu düşünürəm. Polşada mümkün qədər çox kubok qazanmaq istəyirəm. “Legiya”ya kömək etsəm, daha irəli gedib, başqa komandaya transfer imkanı qazanacam.
- Gələcəkdə hansı liqada oynamağı hədəfləyirsən?
- “Top-5”dəki klublardan birində oynamaq istərdim. Məsələn, bundesliqanı, Almaniya futbolunu çox sevirəm. Amma bu o demək deyil ki, artıq ordayam (gülür).
- “Qarabağ”ın heyətində Çempionlar Liqası və Avropa Liqasının qrupunda iştirak etmisən. Bu turnirlərlə bağlı xatirələrini söyləyərdin…
- Dörd il əvvəl Çempionlar Liqasının təsnifat mərhələsinin həlledici raundunda “Kopenhagen”lə qarşılaşdıq. Mənim vurduğum qoldan sonra evdə 1:0 hesablı qələbə qazandıq. Cavab görüşündə uduzduq, lakin tarixdə ilk dəfə Çempionlar Liqasının qrupuna adladıq. Bu, mənim üçün ən vacib oyun oldu. Çünki klubun uğur qazanmasına töhfə verdim. Qrupda “Atletiko” ilə iki dəfə heç-heçə etdiyimizi xatırlayıram. Bakıda qolsuz bərabərə qaldıq. Madriddə qələbə qazanmaq şansımız da var idi, görüş 1:1 yekunlaşdı. Ancaq zədəli olduğuma görə həmin oyunu buraxmışdım.
- Avrokuboklardakı oyunlarından xatirə hədiyyələrin var?
- Matçlardan sonra rəqiblərimlə forma dəyişmirəm. Bunu yalnız bir dəfə, “Çelsi” ilə görüşdə etmişdim. Qohumum İngiltərə klubunun azarkeşidi. Ad günü idi və ona hədiyyə vermək istədim. Villianla formamı dəyişdim. Digər görüşlərdən qollarım var.
- Azərbaycanda iki dəfə mövsümün bombardiri oldun...
- Ötən mövsüm üç dəqiqə ərzində 3 qol vurdum. Bu, Azərbaycan liqası tarixində ən sürətli het-trikdi. “Qarabağ”ın tarixində çempionatda ikinci bombardirəm. Azərbaycan millisindəki qol sayı məni qane edir. Farer adalarının qapıçısını 30 metrdən zərbə ilə məyus etdim. Bu qoldan sonra jurnalistlər azərbaycanlı Xristo Stoiçkov olduğumu, məşhur bolqar kimi qol vurduğumu söylədilər. Bilirəm ki, bundan əvvəl dediklərim, sadəcə, rəqəmlərdi, amma belə bir əfsanə ilə müqayisə olunmağımdan xoşbəxt idim. Bu səviyyəyə çatmaq üçün çox yol keçdim. Ancaq gələcək vacibdi.
- “Qarabağ”da Yakub Jezniçakla birlikdə oynamısan. O Polşa və “Legiya” haqda sənə nə deyib?
- Həmin iki ili yaxşı xatırlayıram. Bizim və “Qarabağ” üçün yaxşı vaxtlar idi. Mən onunla danışdım. “Legiya”ya qoşulmağım üçün yaxşı fürsətin yetişdiyini, Polşanın ən böyük klubu olduğunu söylədi. Mənə burda uğur qazana və daha da inkişaf edə biləcəyimi, bunun hər iki tərəf üçün faydalı olacağını başa saldı. Mənim üçün bu transfer yaxşı addımdı. Kubanın sözləri qərar verməyimə kömək etdi. Mövsümün ilk turunda Plotsk “Visla”sı ilə qarşılaşacağımızı gördüm. Kuba ilə görüşmək üçün səbirsizlənirəm.
- Bu mövsüm üçün hədəfləriniz nədi?
- “Legiya”da hamını yalnız qələbə düşündürür. Bu münasibət xoşuma gəlir, çünki qələbəni hədəflədiyini bilirsən. Eqoist insan deyiləm. İlk növbədə komandaya kömək etmək istəyirəm. Özümün yox, klubun maraqları daha vacibdi. Ən önəmlisi “Legiya”nın çempionluğudu, Mahir Emrelinin bombardir olması yox. Əlbəttə, bunu etsəm, əlavə motivasiya olacaq. Ancaq titul qazanmasaq, fərdi mükafatın heç bir dəyəri olmayacaq. Bu səbəbdən mənim yox, “Legiya”nın uğuru vacib sayılır.
- Azərbaycan millisində də bir çox futbolçuya qarşı oynamaq fürsətin oldu. Məsələn, Portuqaliya ilə matçda Kriştiano Ronaldoya qarşı. Özünü kimə bənzətməyə çalışırsan?
- Mənim kumirim Zlatan İbrahimoviçdi. Buna görə futbolu çox sevirdim. İbra nəhəngdi. Bir çox hücumçuları izləyirəm, nə vaxtsa onların səviyyəsinə yaxınlaşmaq üçün hər birindən bir şey götürməyə çalışıram. Fikrimcə, Robert Levandovski və Kərim Benzema hazırda dünyanın ən yaxşı hücumçularıdı. Polşalı unikaldı. Onun cərimə meydançasında necə davrandığını izləyirəm. Güclü zərbə ilə qol vurmur, amma böyük hiyləgərlik edir. Bu onun ən yaxşı xüsusiyyətidi. Mən də Levandovski kimi texniki cəhətdən mükəmməl zərbə vurmaq istərdim. Bundan əlavə, onun böyük motivasiyası var. O qədər qol vurmasına baxmayaraq, hələ də acdı. Mən daha çox şey istəyirəm. Hər hücumçu belə olmalıdı.
- Avropa çempionatında favoritin hansı komandadı?
- AÇ-2020-də favoritim İtaliya millisidi. Çünki turnirdə ən gözəl oyunu onlar sərgiləyib. İtalyanların çempion olacaqlarına ümid edirəm. Buna layiqdilər. Onların ən yaxşı futbolçusu Lorentso İnsinyedi. Aparıcı oyunçudu, hücumda çox şey edir. Amma Danimarkanı da hesabdan silməzdim. Çünki onlar da yaxşı formadadılar. Yarımfinalın ikinci cütündə ingilislərin üstünlüyü var, çünki “Uembli”də oynayırlar, azarkeşlərin dəstəyi olacaq. Pley-offlarda bir neçə sürpriz nəticə oldu. Yarımfinalın bir addımlığında dayanan İsveçrə məni təəccübləndirdi. Hər zaman nizam-intizamı ilə məni heyran edən Fransa və Almaniyanın turniri tərk etməsinə təəccübləndim. Belçikanın da oyunu çox xoşuma gəldi. Onların heyətində Torqan Azar diqqətimi çəkdi.