Aprelin 6-da intizamsızlığa görə futzal üzrə Azərbaycan milli komandasının heyətindən uzaqlaşdırılan Rövşən Hüseynli geri qayıdıb.
Offsideplus.az xəbər verir ki, 34 yaşlı qapıçı Avropa çempionatının əsas seçmə mərhələsində Xorvatiya ilə oyuna hazırlaşan yığmamızın məşqlərini izləyib.
O, hətta dünən, oyun günü milli komandanın düşərgəsinə gələrək, komanda yoldaşlarına dəstək verib, onlara uğurlar arzulayıb. Lakin Rövşən heyətə daxil edilmədiyindən Xorvatiya ilə matçı (1:4) kənardan izləyib.
Xatırladaq ki, sözügedən futzalçı yığmamızın əsas oyunçularından biri, kapitanı və lideri dir. O, ötən həftə İsveç komandasına qarşı hazırlıq prosesindən qalmaqalla kənarlaşdırılıb və səfərə aparılmayıb.
Qeyri-rəsmi məlumatlara görə, buna Hüseynlinin Bakıda keçirilən təlim-məşq toplanışı zamanı oteldə yox, evdə gecələmək istəyi səbəb olub. Qazaxıstanın "Astana" klubunun şərəfini qoruyan təcrübəli futzalçı paytaxtımızda gec-gec gəldiyindən, ailəsi ilə birgə daha çox vaxt keçirmək istəyinə düşüb. Milli komandamızın baş məşqçisi Vitali Borisov isə evdə gecələmək niyyətinin yolverilməz olduğunu, bütün futzalçıların oteldə qalmasının vacibliyini bildirərək, kapitanı düşərgədən uzaqlaşdırmışdı.