Azərbaycan Basketbol Liqasında 11-ci tur yekunlaşdı.

Offsideplus.az xəbər verir ki, turun gərgin keçən oyunlarından biri olan “Naxçıvan” - “Neftçi” oyununda “ağ-qaralar” qalib gəldi. Bu görüş Muxtar Respublika təmsilçisinin  basketbolçusu Nəzər Quliyev üçün əlamətdar oldu. Belə ki, oyunçu 16 xal, 8 ribaund və 2 məhsuldar ötürmə ilə “Naxçıvan”ın heyətində ən yaxşı oldu. 

Quliyev görüşlə bağlı suallarımızı cavablandırdı... 

-Son oyunda məğlub oldunuz. Lakin komandanın heyətində ən yaxşı seçildin. Bunu necə şərh edərdin? 

-Bütün rəqiblərimizə hörmət edirəm və hamıya maraqlı bir mövsüm arzulayıram. Fürsətdən istifadə edərək “Neftçi”ni qələbə münasibətilə təbrik etmək istəyirəm. Hamı kimi mənim üçün də komandanın ən məhsuldar oyunçusu olmaq xoşdur. Bu, hər oyunçuda daha yaxşı olmağa olan istəyi və motivasiyanı artırır. Mənim üçün şəxsi nəticələrdən daha önəmlisi komandanın qələbəsidir.

-“Sabah”dan 1 xal geri qalırsınız. Səncə, turnir cədvəlində “bayquşlar”ı qabaqlaya biləcəksiniz?

-İlk 10 oyunun və ya iki dövrənin yekunlarına görə biz birinci yerdə qərarlaşdıq. Üçüncü dövrə başladı və qarşıda bizi Kubok oyunları gözləyir. Mövsümün əvvəlindən çempionluğu hədəfləmişik. Buna nail olmaq üçün rəqibdən asılı olmayaraq bütün gücümüzlə mübarizə aparacağıq. Düşünürəm ki, cari mövsümdə çempionluq yolunda “Sabah”ın əsas rəqiblərindən biri bizik. Asan oyunlarımız yoxdur. Matçlara rahat və ya diqqətsiz çıxmaq mümkün deyil. “NTD”, “Sərhədçi” və “Abşeron”la əvvəlki oyunlarımız bunu sübut edir. Bütün komandalar rəqabətə davamlıdır və qalib gəlmək istəyirlər.

-Hansı kollektivi özünüzə daha çətin rəqib kimi görürsən?

-İstənilən rəqibə qarşı oynamaq və komandama fayda vermək üçün hazıram. Bütün rəqibləri məğlub edə bilmişik. Bəzi məğlubiyyətlərimiz öz səhvlərimizdən qaynaqlanırdı. Bir şeyi dəqiq deyə bilərəm ki, nəticəmiz yalnız motivasiyamızdan və məqsədimizdən asılıdır. Əsas məqsəd isə çempion olmaqdır.