"Boston Seltiks"in lideri Ceyson Teytum Parisdə keçirilən 2024 Yay Olimpiya Oyunlarında ABŞ yığmasında gözləniləndən daha az rol alması barədə fikirlərini bölüşüb. Oyunçu bildirib ki, baş məşqçi Stiv Kerr ona rotasiyada dəyişiklik olacağını əvvəlcədən xəbər verib.

Offsideplus.az xəbər verir ki, Teytum bu barədə belə danışıb: "Stiv mənə yaxınlaşıb dedi ki, Kevin (Durant) qayıdıb, heyətlə bağlı nəsə düşünməliyik. Səbirli ol. Mən isə düşündüm: Bu nə deməkdir? Niyə bunu mənə deyirsən? Sonra xatırlayıram ki, ehtiyat oyunçular skamyasında oturmuşdum. Birinci hissədə meydana çıxmayanda düşündüm: Burada nəsə qaydasında deyil". Olimpiadada Teytum ABŞ yığmasının altı oyunundan ikisini – Serbiya ilə qrup mərhələsində və yarımfinalda buraxıb. Dörd qarşılaşmada isə orta hesabla 5,3 xal, 5,3 ribaund və 1,5 assistlə yadda qalıb. ABŞ komandası finalda Fransa üzərində qələbə qazanaraq qızıl medala sahib olub.