UEFA-ya üzv milli assosiasiyalar Fransa Futbol Federasiyasının (FFF) prezidenti Filip Diallonun 2027-ci ilin martında keçiriləcək FİFA prezident seçkilərində iştirakını yekdilliklə dəstəkləyib.
Offsideplus.az xəbər verir ki, bu barədə qərar bazar ertəsi UEFA prezidenti Aleksander Çeferinin sədrliyi ilə keçirilən görüşdə qəbul olunub. UEFA İcraiyyə Komitəsində və FİFA Şurasında təmsil olunan milli assosiasiyalar Diallonu dünya futbolunun ali qurumuna rəhbərlik uğrunda mübarizəyə qoşulmağa dəvət ediblər.
63 yaşlı funksioner namizədliyini irəli sürmək dəvətini qəbul edib. Onun namizədliyinin Fransa Futbol Federasiyasının İcraiyyə Komitəsinin çərşənbə axşamı keçiriləcək iclasında rəsmən təsdiqlənməsi gözlənilir.
UEFA-nın açıqlamasında FİFA-nın hazırkı idarəçilik istiqaməti ilə bağlı ciddi narahatlıqların olduğu bildirilib. Milli assosiasiyalar dünya futbolunda birliyin və etimadın bərpasını, idarəetmə standartlarının gücləndirilməsini, eləcə də futbolun bütün regionlarda inkişafına daha çox diqqət ayrılmasını tələb ediblər.
Qeyd edək ki, Filip Diallo 2023-cü ildə Fransa Futbol Federasiyasının prezidenti seçilib və həmin il UEFA İcraiyyə Komitəsinə daxil olub. O, daha əvvəl Fransa peşəkar futbol klublarını təmsil edən quruma rəhbərlik edib və FİFA-nın mübahisələrin həlli strukturlarında çalışıb.
UEFA-nın bu addımı qurumun FİFA prezidenti Canni İnfantinonun rəhbərliyindən narazılığını ifadə etməsindən bir neçə ay sonraya təsadüf edir. UEFA daha əvvəl FİFA-nın idarəçilik siyasətini tənqid edib və bəzi qərarlarla bağlı boykot ehtimalını gündəmə gətirib.
Bununla yanaşı, Afrika Futbol Konfederasiyası (CAF) 54 üzv assosiasiyanın dəstəyi ilə İnfantinonun mövqeyini yekdilliklə dəstəkləyib. Bu isə dünya futbolunda rəhbərliklə bağlı fikir ayrılıqlarının dərinləşdiyini göstərir.


