Ostin Rivz möhtəşəm çıxışı ilə "Los Anceles Leykers"in "Detroyt Pistons" üzərində 121:116 hesablı qələbəsində əsas rol oynayıb. 

Offsideplus.az xəbər verir ki, komandanın lideri Luka Donçiç bel nahiyəsindəki problemlərə görə bu oyunu buraxsa da, Rivz onun yoxluğunu hiss etdirməyib və 43 xal toplayıb.

Rivz 37 dəqiqə meydanda qalıb, 27 atışdan 14-nü dəqiq yerinə yetirib, 6 üçlükdən 4-nü və 11 cərimə atışının hamısını dəqiq atıb.

Onun aktivində həmçinin 5 ribaund, 4 assist və cəmi 1 top itkisi var. "Detroyt Pistons" ikinci hissədə 26 xal geridə olsa da, son dəqiqələrdə fərqi 5 xala endirib.

Həlledici anda Rivz bir ayaq üstə üçlük atışı ilə "Detroyt"un son ümidini də puça çıxarıb. Bu nəticə ilə "Leykers" ardıcıl beşinci qələbəsini qazanıb və mövsümdə 9-2 göstəricisinə yüksəlib.