"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik Premyer Liqanın 10-cu turunda "Aston Villa" ilə 4:4 hesablı heç-heçədən sonra azarkeşlərin dəstəyi və komandanın turnir cədvəlindəki vəziyyəti barədə danışıb.
Offsideplus.az xəbər verir ki, hazırda "Mançester Yunayted" 18-ci pillədə qərarlaşıb və bu, son 40 ildə 10 turdan sonra komandanın ən zəif göstəricisidir. Kerrik bildirib: "Azarkeşlər oyunçuları dəstəkləyir, daim komandanın yanındadırlar və bizdən qarşılıq gözləyirlər. Bəzən məyusluq və narazılıq yaranır – biz də bunu hiss edirik, amma azarkeşlər sona qədər bizimlə oldular. Onların dəstəyini hər zaman duyuruq".
Komandanın Premyer Liqada qalmaq uğrunda mübarizə aparacağı ehtimalına münasibət bildirən baş məşqçi deyib: "Hazırda noyabrdır və nə vəziyyət, nə də nəticələr məni qane etmir, amma biz bu durumu dəyişə bilərik".
Kerrik istefa ehtimalı ilə bağlı isə bunları söyləyib: "Bu, baş verməyəcək. Belə söhbətlərin aparılması düzgün deyil. "Mançester Yunayted" kifayət qədər oyun qazanmayıb, amma biz çatışmayan məqamları düzəldib qələbələr qazanmağa başlayacağıq".
O, "Aston Villa" ilə oyunda son dəqiqələrdə qələbə şansını qaçırdıqlarını vurğulayıb: "Sonda qalib gələ bilərdik – alınmadığı üçün məyusam. Qapımıza asanlıqla qollar buraxmaqla işimizi çətinləşdiririk".


